“Kontakt Home”da “zər oyunu”: Müştəri aldadılıb?

“Kontakt Home”un keçirdiyi “Şeş-Qoşa” kampaniyasının şərtlərinə əsasən mağazada promouterin tapşırıqlarına riayət edərək, kamera çəkilişə başladıqdan sonra atılan zər və nəticə keçərli sayılır.

Bu barədə “Kontakt Home”dan Axar.az-ın sorğusuna cavab olaraq bildirilib. Şirkətdən verilən açıqlamada “Şeş-Qoşa” kampaniyasında müştərilərin aldadılması ilə bağlı iddianın araşdırılacağı qeyd edilib:

“Müştərilər prosedur haqqında öncədən məlumatlandırılır. Promouterlər kameraları quraşdırdıqdan sonra müştəriyə zəri ata biləcəkləri haqqında təlimat verir. Yalnız promouterin göstərişindən sonra atılan zərin nəticəsi keçərli sayılır. Əgər proseslə bağlı hər hansı anlaşılmazlıq yaranıbsa, biz məsələni araşdırıb, lazımı tədbirləri görə bilərik”.

Qeyd edək ki, bundan əvvəl unikal.org saytı Gəncə şəhər sakini Kamran Novruzovun “Kontakt Home”un mağazasında “Şeş-Qoşa” kampaniyası ilə bağlı şikayətini işıqlandırmışdı. K.Novruzov “Şeş-Qoşa” kampaniyasına qoşularaq şeş-qoşa atsa da, ona mağazadan hədiyyə verilmədiyini deyib. Gəncə sakini bildirib ki, satıcılar bunu oyun keçirilən zaman görüntü çəkilməməsi ilə əlaqələndirib.