Çətir Əziz Əzizov üçün tutulmayıb — Suraxanı RİH-dən AÇIQLAMA

Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) icra başçısı Əziz Əzizovun sosial şəbəkədə müzakirələrə səbəb olan fotosuna münasibət bildirib.

İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov açıqlamasında deyib ki, bu məsələni qabartmaq düzgün deyil. Barxudarov qeyd edib ki, yağış yağanda, hər kəs çətirdən istifadə edir: 

“Orada olan şəxslərdən biri çətiri özü üçün tutub, fotodan elə görünür ki, çətiri Əziz müəllim üçün tutub. Müəllim ona deməlidir ki, çətiri tutma? (Pravda.az) Buna görə hay-küy yaratmaq nəyə lazımdır ki? Əziz Əzizov Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edildikdən sonra mühüm işlər görüb, yollar, su-kanalizasiya xəttləri çəkilib. İcra başçısı insanların problemləri ilə maraqlanır, şəhid ailələrini ziyarət edir. Jurnalistlər görülən işləri qiymətləndirməlidirlər. Belə olanda yazılan yazı da oxunacaq. Biz həmişə jurnalistlərə hörmətlə yanaşmışıq”.