Astarada narkotacir tutuldu - FOTO

Astarada bir kiloqrama yaxın narkotik vasitə və psixatrop maddə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Teymur Baxşiyev narkotik vasitə olan 150 qram heroini satarkən cinayət başında saxlanılıb. 

Onun üzərində keçirilən baxış zamanı 60 qram psixatrop maddə olan metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq T.Baxşıyevin yaşadığı evdən 380 qram narkotik vasitə olan heroin və 280 qram psixatrop maddə metamfetamin, həmçinin, bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb. 

Eyni zamanda, T.Baxşıyevin borc pul müqabilində Astara rayon Ərçivan qəsəbə sakini İ.Qulamovun “Mercedes-Benz” markalı avtomobilini girov götürməsi müəyyən edilib və həmin avtomobil saxlanılan şəxsin yaşadığı evin həyətindən götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.