"Şəhid ailələri və Qarabağ qaziləri ilə davamlı görüşlərimiz olacaq"- Deputat

“Bu gün Milli Məclisin plenar iclasında bir neçə məsələ ətrafında geniş müzakirələr apardıq”. 

“Sherg.az” xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, parlamentin 2020-ci il yaz sessiyasının qanunvericilik işlər planını təsdiqlənib: 

“Bu gün həmçinin, bizə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov tərəfindən mandatlarımız təqdim olundu. Milli Məclis fəaliyyətim ərzində əvvəlki təcrübəmi nəzərə alaraq iki komitənin üzvü olacam. Bunlar Elm və təhsil, İctimai birliklər və dini qurumlar komitələridir. Fəaliyyətim ərzində hər iki komitənini işində aktiv olmağa, bir sıra təkliflərlə çıxış etməyə çalışacam”. 

Parlamentari yaxın günlərdə seçicilərlə görüşlərə başlayacağını deyib: 

“Mart və aprel aylarında Bakıda və bölgələrdə ən azı iki görüş keçirməyi planlaşdırırıq. Bununla yanaşı, şəhid ailələri, Qarabağ qaziləri və imkansız ailələrlə davamlı görüşlərimiz olacaq. Artıq qrafik hazırdır. Yaxın günlərdə əlavə məlumat verəcəm”.