Dələduzluq ! Saxta icazə sənədi satırlar – Ağır cəza gözləyir...

“Onsuz da sinirlər gərilib. Saxtakarlar da bir tərəfdən insanların psixoloji vəziyyəti ilə oynayırlar”


Koronavirus pandemiyasından, elan olunmuş karantin rejimindən sui- istifadə edənlərin sayı günü- gündən çoxalır. Adam bilmir özünü yayılmaqda olan infeksiyadan qorusun, yoxsa belə saxtakarlardan...  Belə ki, koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə ölkə ərazisində xüsusi karantin rejimi elan edilməsinə baxmayaraq, qəbul edilmiş qaydalara əməl etməyən şəxslərə hələ də rast gəlinməkdədir.

Polis əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində yaşayış yerini tərk etmək üçün tələb olunan icazə sənədini saxtalaşdıraraq pul müqabilində satan və bununla da karantin qaydalarını kobud şəkildə pozan şəxslər saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, İmişli rayon sakini “Meqata” MMC-nin sahibi Mehman İmanov Bakı şəhəri ərazisində sərbəst gəzmək üçün paytaxtın Nizami rayonunda yerləşən ofisində özünə məxsus kompüterdə saxta icazə vərəqələri çap edib. O, icazə vərəqələrini 20 manat müqabilində tanışları paytaxt sakini Rahib Qurbanov və  Gədəbəy rayon sakini Arzuman Abdullayevə satıb. Hər üç şəxs polislər tərəfindən saxlanılıb və onlar etdikləri qanunsuz əməli etiraf ediblər.


Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması məqsədilə elan edilən xüsusi karantin rejiminə əməl etməyə çağırır.



 Törədilən əməllə bağlı "Sherg.az"a danışan hüquqşünas İradə Cavadova deyib ki, həmin şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdırlar
"Saxta sənəd hazırlamaq Cinayət Məcəlləsinin 320-ci maddəsidir. Bu cinayət əməlini törədən şəxslər 3 min manatdan 6 min manatadək cərimə olunur, və ya iki ilədək islah işləri görür, yaxud həmin müddətə azadlıqdan məhrum edilirlər. Onu da deyim ki, təkcə saxta sənəd düzəldənləri ittiham etmək olmaz. Buna aldanan, inanan insanlar da eyni dərəcədə təqsirkardırlar".

 İ. Cavadovanın sözlərinə görə, karantin tədbirlərində müəyyən yumşalmaların olması daha məqsədəuyğundur: 

"Başa düşürəm, vəziyyət yaxşı deyil. Amma hər çölə çıxan vətəndaşın külli miqdarda cərimələnməsini doğru hesab etmirəm. Onlarla profilaktik söhbətlər aparmaq lazımdır. Əks halda, əhali arasında aqressiya yarana bilər. Onsuz da mövcud pandemiya ilə əlaqədar olaraq sinirlər gərilib. Saxtakarlar da bir tərəfdən insanların emosiyaları, psixoloji vəziyyəti ilə oynayırlar. On dörd gün elə də çox deyil. Bir az səbr etmək lazımdır ki, paytaxtımız, ölkəmiz və bütün dünya yenidən firavan olsun".