Feysbukda insanlıq dərsi  ! - “Ev yiyəsi 100 manatı qaytardı və dedi....” - Vicdanı ilə örnək olanlar

Bir neçə aydır, bütün dünyada olduğu kimi, Azərbaycanda da vəziyyət dəyişib. Koronavirus pandemiyası özü ilə min bir bəla gətirib. Təkcə siyasi elitada yox, sadə vətəndaşlar arasında da təşviş yaranıb. Neftin qiymətinin aşağı düşməsi, manatın məzənnəsinin sabit qalmayacağına dair ehtimallar da bir tərəfdən işləri çətinləşdirir. Rayondan gəlib paytaxtda kirayədə qalanların durumu isə lap ağırdır. Çoxları kimi onların da maliyyə vəziyyəti zəifləyib, ödənişləri etməkdə çətinlik çəkirlər. Həm də buna məcburdurlar. Çünki karantin rejimi ilə nəinki  rayonlarına, heç qohum-əqrəbalarıgilə də gedə bilməzlər. 


 Belə bir şəraitdə Azərbaycan insanı yenə öz humanistliyi və vicdanı ilə örnək olur. 

Bu mənada tanınmış jurnalist Ağa Cəfərlinin “Facebook”da yazdıqları diqqət çəkib: “Ev yiyəsi 100 manatı qaytardı və dedi ki, elimizin ağır günüdür, gərək bir-birimizə dəstək olaq. Dedi, vallah, o birini də götürməzdim, qaqam, bank məni öldürüb, ağlayanım yoxdur”. 
Qeyd edək ki, jurnalistin qaldırdığı məsələyə müxtəlif reaksiyalar verilib, fərqli rəylər yazılıb. Onları təqdim edirik. Məsələn, Seva Asadova adlı istifadəçi yazıb:

“İlk deyil, mamamgilin də evi kirayədədir, 2 aylıq pulu mamam istəmədi. Dedi, bu ağır gündə işsizsiniz, necə verə bilərsiniz pulu. Halbuki, elə mamamın da başqa yerdən gəliri yoxdur".

Təranə Xudabaxşiyeva: "Bizdən isə qəpiyinə kimi aldı". (gülür)

Aysel Abdullayeva: "Ev pulunu qaldıranlar da var..."

Gültən Qədirli: "Hazırda bizdə də ev pulunun vaxtıdır sabah. Görək bizimki neyniyəcək?"

Elazə Əhmədova: "Yenə sağ olsun. Özü də çəkilişsiz".

Bəhruz Məmmədov: "Öz evimi kirayə vermişəm 150 manata. Bu ay almadım. Özüm 400 manata qalıram. Ev yiyəsi korona zad tanımır".

Xəyal Şükürlü: "Sağ əli bizim xazeykanın başına".

Ali Çoydar:" Bizim ev sahibi öncə kirayədən 50 AZN çıxdı, sonra dünən gəlib pulunu geri istədi, mən də verdim. 

Qorxmaz Ağayev: "Sağ olsun, məncə, ev yiyələri maraqlı kampaniyalar etməlidir. Məsələn, 11 ay qalana,1 ay hədiyyə".

Şamo Emin: "Kirəçi martın 22-də pulu verməli idi, yoxumdu dedi. Hələ de verməyib. Vəziyyət pisdir, başa düşməkdən başqa yol yoxdur".

İstifadəçilərin statusa yazdıqları rəylərdən isə görünür ki, bu, ilk belə təşəbbüs deyil. “Kirayəçi martın 22-də pulu verməli idi, “yoxumdu” dedi. Hələ də verməyib. Vəziyyət pisdir, başa düşməkdən başqa yol yoxdur”, “İnsanlıq yaşayır...” kimi rəyləri oxuduqca bir daha öz vətənin və vətəndaşlarınla fəxr edirsən. 
 Düzdür, həmin rəylərdə ev yiyəsinin hələ də son qəpiyinə qədər pul tələb etdiyini yazanlar da var. Amma indi pul yox, can, insanlıq  hayında olmaq lazımdır. Azərbaycan insanı öz humanist addımı  ilə təkcə həmvətənlərinə yox, dünyaya da nümunədir!