Qarabağ qazilərindən koronovirusla bağlı açıqlama - İndi həmrəylik zamanıdır!

“Qarabağ qaziləri” ictimai birliyi koronavirus pandemiyası ilə bağlı Azərbaycanda görülən işlər, problemlərlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:

“Bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyası ilə bağlı müxtəlif tədbirlər görülür. Aprelin 5-dən ölkəmizdə rəsmən karantin rejimi elan olunub. İnsanların hərəkəti məhdudlaşdırılıb. Buna görə də aztəminatlı ailələrdə ərzaq təminatı ilə bağlı müəyyən çətinliklər yaranıb. Bunun qarşısını almaq üçün dövlət müxtəlif tədbirlər görür. Çox güman ki, bu tədbirlər bir neçə formada hələ davam edəcək.

Bildiyiniz kimi, Azərbaycan hökumətinin xüsusi karantin rejimi üçün hazırladığı sosial paket və işsiz vətəndaşlar üçün nəzərdə tutulan iki aylıq, birdəfəlik ödənişlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilməsinə başlanılıb. Bu da özlüyündə təqdirəlayiq haldır. Düzdür, prosesin ilk günündə müəyyən çətinliklər oldu, amma sonrakı günlərdə normallaşmağa başladı. Hazırda sosial şəbəkələrdə, internet resurslarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bu prosesi həyata keçirən şəxslər hədəfə götürülür, sərt tənqid edilir. Bu tənqidlər, təəssüflər olsun ki, bəzən öz həddini aşır. Tənqid qəbul ediləndir. Amma təhqir və insanları aşağılamaq yolverilməzdir.

Əsas tənqid olunan məsələlər bunlardır: 190 manatlıq iki aylıq paketin hamıya verilməməsi və işlərin həyata keçirilməsi zamanı yaranmış texniki çətinlik.

Əslində isə 190 manatlıq bu paket heç bir rəsmi iş yeri, aylıq gəliri olmayan vətəndaşlara şamil edilib. Hökumət bu yardımı sadəcə o vətəndaşlara ünvanlamaq istəyir ki, bu şəxslərin özünün və ailəsinin heç bir gəlir mənbəyi yoxdur. Yəni dövlət evində qalan şəxslərdən pensiya, təqaüd, müavinət, maaş almayanlara birdəfəlik 190 manat iki aylıq ödəniş edəcək. Əlbəttə sözügedən paketdə digər məsələlər də var. Amma hələlik bəziləri bunu nəzərə almır. Axı dövlətin başqa köməyi də olacaq.

Dövlətin bugünki siyasəti evində qalan şəxslərdən pensiya, təqaüd, müavinət, maaş almayanlara birdəfəlik 190 manat iki aylıq ödəniş və digər dəstək verməkdir.

Bir daha xatırladaq ki, 190 manatlıq iki aylıq yardım paketi heç bir rəsmi iş yeri, aylıq gəliri olmayan vətəndaşlara şamil edilib. Hökumət bu yardımı sadəcə o vətəndaşlara ünvanlamaq istəyir ki, bu şəxslərin özünün və ailəsinin heç bir gəlir mənbəyi yoxdur.

Vəziyyət o həddə çatıb ki, mətbuatda, sosial şəbəkədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağ əlilləri üçün aldığı 164 ədəd avtomobilin söhbəti gedir. Bunu da nazirliyə qarşı xoşagəlməz tənqidlərə yönəltdilər. Axı bu avtomobillər dövlət proqramına uyğun, konkret qrafik üzrə alınır və paylanır. Hər kəs dövlətin Qaziyə, Şəhid ailəsinə göstərdiyi diqqətə, qayğıya görə sevinməlidir.

Yeri gəlmişkən, son illər Azərbaycan dövləti Qarabağ, 20 yanvar, Çernobıl əlilləri, Şəhid ailələri üçün mənzillərin verilməsini sürətləndirib. Əgər keçən il bu insanlara minə yaxın mənzil verilmişdisə, bu il Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əlyevin şəxsi təşəbbüsü ilə 1500 mənzilin tikilib bu təbəqədən olan insanlara verilməsi planlaşdırılır. O cümlədən, bu il xeyli sayda Qarabağ əlilləri və onlara bərabər tutulan şəxslərə pulsuz avtomobillərin verilməsi planlaşdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi bir çox işlərdə - mənzillərin verilməsi və avtomobillərin paylanması prosesində bir çox ictimai birliklər kimi “Qarabağ qaziləri“ birliyi də iştirak edir. Deyə bilərik ki, bu gün rüşvətin kökü kəsildiyi, şəffaflığın maksimum təmin edildiyi dövlət orqanlarından biri, birincilərindən olanı məhz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir. Nazirliyin əməkdaşlarının zəhmətini itirmək olmaz. Əsasən gənclərdən ibarət bu komandanın işi göz qabağındadır.

Uzun illər “hərbi qulluqçuların şəxsi icbari sığortası haqqında” qanunla Şəhid ailələrinin sığorta pulu ödənilmirdi. Bu məsələni qaldıran, həllinə nail olmaq üçün mübarizə aparan bir təşkilat olaraq qeyd edirik ki, məsələnin həll olunmasında nazir Sahil Babayevin xidmətləri az deyil.

Yeri gəlmişkən ümid edirik ki, Qarabağ əlillərinin də sığorta pulunun verilməsi yaxın zamanlarda reallaşacaq.

Bir məsələni də xüsusilə vurğulamaq istəyirik. Demirik, koronovirusla bağlı görülən işlərdə nöqsan, çatışmazlıq yoxdur, var. Və bunu qeyd etmək də lazımdır. Amma bu problemləri, nöqsan və çatışmazlığı sevgiynən, sayğıynan dilə gətirək, deyək! Karantinlə bağlı nazirliklərdə, Operativ Qərargahda və digər dövlət qurumlarında çalışanlar da Azərbaycan xalqının övladlarıdır. Onlar da bizlərdən biridir və bu gün xalqımızın qarşılaşdığı bəladan çıxmaq üçün əllərindən gələni edirlər.

Bilməyənlər üçün deyək ki, təməli hələ 1992-ci ildə qoyulmuş bir təşkilat olaraq həmişə Qarabağ əlillərinin, Şəhid ailələrinin problemlərini dövlət qarşısında qaldırmışıq, sözümüzü demişik, tənqid etmişik. Bu yolda ən böyük tədbirləri də həyata keçirən bizlər olmuşuq. Sabah problem olacaqsa yenə sözümüzü deyəcəyik. Amma bu gün Azərbaycanımızın həmrəyliyə, sevgiyə ehtiyacı var! Hamımızın bir vətəni var – Azərbaycan!