Xalq artistinin fikirləri qalmaqal yaratdı - Kimi təqdir edir, kimi də tənqid: “Ayıbdır ! ” 

Tənzilə Rüstəmxanlı: “Ancaq bir bəhanə axtarırlar ki, bu millətin sənətçisinə, ziyalısına çirkab bulaşdırsınlar”

Əhməd Qəşəmoğlu: “Son 20 ildə nə baş verdisə, incəsənət xadimləri ağıllarına gələni danışdılar”


Bu günlərdə xalq artisti Afaq Bəşirqızının səsləndirdiyi bəzi fikirlər geniş müzakirələrə səbəb olub. O qeyd edib:
“Tələb edəndə eyni zamanda fikirləşməliyik ki, biz müharibə şəraitində yaşayan dövlətik. Müəyyən şeyləri güzəştə getməyi bacarmalıyıq. Vaxtilə öz səhvimiz ucbatından rayonlarımızı – işğal olunan rayonları nəzərdə tutmuram – qoyub Bakıya gəlib, avtomobillərin təkərlərini qaraltmaqla, şüşələrini silərək hansısa “novostroyka”nın zirzəmisində gizlənib, orada uşaq əmələ gətirib, bulvarda konsert verən müğənnilərə baxıb kef almaq istəyimizdə kimisə günahlandırmağa ixtiyarımız yoxdur. Sadəcə olaraq, şəhərdə yaşamaq hamımızın azar-bezarıdır. Sonunda isə hamımız ağlayırıq, nəsə tələb edirik, istəyirik. Bizim çox səfalı rayonlarımız var. Heç bir kəndli deyə bilməz ki, mənə düşən pay azdır… Kişi odur ki, özünə arxalansın, biz özümüz-özümüzə arxalanmalıyıq”.

Xalq artistinin bu fikirləri birmənalı qarşılanmayıb. Media və sosial şəbəkələrdə xalq artistini müdafiə edənlərlə yanaşı, onun ünvanına sərt fikirlər səsləndirənlər də az deyil.



Xalq artistinin səsləndirdiyi fikirlərlə bağlı “Sherg.az”a danışan “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı bildirib ki, Afaq Bəşirqızı heç vaxt kəndli-şəhərli ayırımı edən biri deyil:

 “Yanlış anlaşılma olanda hər kəsi qınayırlar. Çox zaman oxuyub-araşdırmadan, diqqətlə qulaq asmadan müsahibin hansısa sözünü özlərinə sərf edən şəkildə təqdim edirlər. Başqa mənada deyilmiş sözü həmin adamın əleyhinə çevirirərək onu söyüş atəşinə tuturlar. Neçə vaxtdır sosial şəbəkələrə baxıram və çox təəssüflənirəm. İçimiz nə qədər çirkabla doludur? Ancaq bir bəhanə axtarırlar ki, bu millətin sənətçisinə, ziyalısına çirkab bulaşdırsınlar. Afaq xanımın dediklərinə qulaq asdım və özü ilə telefonla danışdım. Afaq xanım insanları qətiyyən kəndli, şəhərli kateqoriyasına ayırmır. Onun belə fikri ola bilməz. Çünki Afaq Bəşirqızını uzun illərdir, tanıyıram, ona hörmət edirəm. Onun ağlının ucundan belə keçməz ki, kəndliləri aşağılasın. Ortada yanlış anlaşılma var. Kimə necə sərf edibsə, elə də yayıb. Bu necə əxlaqdır, hansı mühitdə yaşayırıq biz? Feysbukdakı səhifələrdə oxuyuram, qadınlar belə o qədər təhqiredici fikirlər səsləndirirlər ki. Çox təəssüf. Bu dəqiqə dünya silkələnib dağılır. Elə bil, işləri- gücləri yoxdur, anaq biri-birilərini yox etmək, təhqirlər yağdırmaqla məşğuldurlar. Bəhanə axtarırlar ki, kimisə həqarətlərlə aşağılasınlar. Afaq xanıma qarşı səslənən mənfi fikirləri tamamilə yanlış hesab edirəm. Bu söz-söhbətləri yığışdırsalar, yaxşı olar. Afaq xanıma qarşı bu kampaniyanın əleyhinəyəm. Ayıbdır. Belə müzakirələrə son vermək lazımdır”.

Sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, incəsənət adamlarının bir çoxu danışanda məsuliyyətsizlik edirlər:

“Bu tək Afaq xanıma yox, bir çox incəsənət adlamlarına aiddir. Xüsusilə musiqi sahəsində olan adamlar, aktyorlar necə formalaşıblarsa, düşünmədən və məsuliyyətsiz danışmağa meyillidirlər. 30-40 il qabaqkı aktyorlar və müğənnilər daha sanballı danışardılar. Son 20 ildə nə baş verdisə, incəsənət xadimləri ağıllarına gələni danışdılar”.

Sosioloq vurğulayıb ki, heç kəs kənddən şəhərə kef etmək üçün gəlmir:

“Afaq xanım mütəxəssis deyil, sosioloji araşdırma aparmayıb. İnsanlar Bakıya kefindən gəlmir. Mən də kənddə böyümüşəm. Hazırda Xırdalanın böyük hissəsində bizim kəndin camaatı məskunlaşıb. Onlar kənddə təmiz hava və torpağını qoyub kef üçün Bakıya üz tutmayıblar. Ona görə kiməsə “kənddən gəlib konsertlərə baxmaq istəyirsiz, zirzəmilərdə uşaq dünyaya gətirirsiz” kimi sözlər demək çox  yanlışdır. İstəməzdim tək Afaq xanımı sıxma-boğmaya salsınlar. Çünki o tək deyil, bəzi incəsənət adamları onu kimi düşünür. Guya o birilər yaxşıdı? Hamısı ağızlarına nə gəldi danışırlar. Axı camaat onları hansısa roluna görə sevib. Birdən durub belə açıqlama vermək düzgün deyil. Hazırda insanlar həssas durumdadır. Hər birimiz bilirik ki, çətin zamandır. Maaş alanların vəziyyəti müəyyən qədər yaxşıdır. Afaq xanımın dediyi adamlar isə ayın sonunda ev kirayəsi və müəyyən kreditlərini verməlidir. Onlara ay sonunda nə qədər pul lazım olur. Qəfildən deyilir ki “oturun evdə, çölə çıxmayın”. Görün bu adamlar hansı vəziyyətə düşürlər.  Ona görə belə bir zamanda kiməsə lağ edib “sən podvalda uşaq dünyaya gətirmisən”, “kef üçün Bakıya gəlmisən” demək ayıbdır. Kənddə hər kəsin özünəməxsus hörməti var, hamı bir-birini tanıyır. Bakıya gələndə onlara yuxarıdan baxırlar, ağır söz deyirlər. Amma həmin kəndlilər işsiz qalmasın deyə vuruşub-çalışırlar. Bu kateqoriyadan olan insanları başa düşməliyik, onları yaralamaq olmaz”.