DİN, minillik ənənə və bəşəri mesaj


Koronavirusun bütün dünyada sürətlə yayıldığı, on minlərlə insanın bu mübarizədə həyatını itirdiyi, xəstəliklə savaşın sözün həqiqi mənasında ölüm-dirim çarpışmasına çevrildiyi hər kəsə aydın həqiqətlərdən biridir. Insanlığın var olma mücadiləsi verdiyi, sabahla bağlı ümidsiz və pessimist proqnozların artdığı bir dönəmdə,  təbiətdəki digər canlı varlıqlara sevgi və qayğı göstərmək, insanlarla yanaşı, həm də onların taleyini düşünmək o qədər də asan məsələ deyil. 



Bu gününün və sabahının təhlükə altında olduğunu bilə-bilə təbiətə, onun bütün canlı varlıqlarına qucaq açmaq, onlara zaman və diqqət ayırmaq hər bir insandan böyük mənəviyyat, nəciblik və dərrakə tələb edir. Bu baxımdan, xüsusi karantin rejiminin insanları evlərə yığdığı, küçələri kimsəsiz qoyduğu bir zamanda Azərbaycan polisinin meydan və səkilərdəki quşları yemləməsi, onların taleyinə biganə qalmaması mütləq mənada alqışlanması gərəkən bir addımdır. Bu, Azərbaycan cəmiyyətinin tərkib hissəsi olan hüquq-mühafizə orqanları əməkdaşlarının mənəvi böyüklüyündən, ali insani duyğularından, bu vətəni hər bir zərrəsi ilə bir tam, bir bütöv olaraq görmək və sevmək bacarığından xəbər verir.



Əsrlərə dayanan ənənə, yaxud dağlarda ac qurd qoymayın!

Azərbaycan polisinin atdığı bu addımın daha bir özəlliyi, bu missiyanın əsrlər öncəyə dayanmasıdır. Bəlkə də çox az adama məlumdur ki, Osmanlı-Səfəvi dönəmlərində türk insanı soyuq qış aylarında dağlarda, meşələrdəki canavarların belə ac qalmasına biganə qalmamış, onların aclıq və soyuqdan məhv olmasının qarşısını almaq üçün xəstə heyvanları kəsərək dağ başlarına qaldırmış, ac qurdların bu şəkildə həyatda qalmasını təmin etmişdir. “Dağlarda ac qurd qoymayın” yanaşması ilə hərəkət edən türk toplumu, bununla bütün dünyanın vəhşi, yırtıcı kimi qəbul etdiyi qurdları belə ac qoymayacaq qədər mənəvi ucalığa, böyük mərhəmət hissinə malik olduğunu ortaya qoymuşdur.



Bu baxımdan karantin günlərində Azərbaycan polisinin küçələrdəki kimsəsiz heyvanları, quşları yemləməsi bu qədim ənənənin bu gün də fərqli formalarda yaşadılmasından xəbər verir. Və biz bu gözəl, ibrətamiz ənənəni yaşatdığı üçün də hüquq-mühafizə orqnalarımızın əməkdaşlarına təşəkkür etməliyik.

Bəşəriyyətə verilən mesaj: “İnsan istənilən situasiyada insan olaraq qalmağı bacarmalıdır!”

 Polisin küçələrdəki quşları yemləməsi ilə bağlı bütün cəmiyyətdə böyük maraq və məmnunluqla qarşılanan görüntülər, əslində bütün bəşəriyyət üçün önəmli bir mesaj hesab edilə bilər. Bu mesajın kökündə yer üzünün ən ali əşrəfi sayılan insanın sadəcə bir-birinə qarşı deyil, eləcə də təbiətə, onun bütün üzvlərinə və komponentlərinə münasibətdə duyarlı olmasının vacibliyi yer alır.
Azərbaycan polisinin bu addımı bütün insanlığı mərhəmətli olmağa, bu insani xüsusiyyəti bütün canlı aləmə münasibətdə ortaya qoymağa səsləyən vacib bir çağırışdır. Bu çağırış nəfəs alan, yaşam mücadiləsi verən, insana Allahı və axirəti xatırladan hər şeyə, hər kəsə qayğı göstərməyin zərurətini yada salır.



Bu çağırışın bütün dünyanın koronavirus xəstəliyi ilə ölüm-dirim mübarizəsi apardığı indiki zamanda ortaya qoyulması, bəşəriyyyətə həm də bu mühüm həqiqəti çatdırır: “İnsan istənilən situasiyada insan olaraq qalmağı bacarmalıdır. Hətta öz həyatı, gələcəyi ilə bağlı təhlükə və qeyri-müəyyənliyin mövcud olduğu anlarda belə...”.

 Seymur ƏLİYEV