İnstaqramda "Sizə məktub var" – Karantinlə bağlı virtual layihə

"Gərək insanlar bir- birilərini unutmasınlar"



Karantin rejimini nəzərə alaraq insanların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif layihələr həyata keçirilir. 
BDU-nun Jurnalistika fakültəsinin birinci kurs tələbələri Rauf Şirinov və Rövşən Əlisoy da belə bir təşəbbüslə çıxış ediblər. Onlar "Young Press" Instagram səhifəsi ilə "Sizə məktub var" virtual layihəsinə start veriblər. 

Layihə çərçivəsində AYB- in katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid, BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, filoloq-alim Məti Osmanoğlu, aparıcı, diksiya mütəxəssisi Cəlalə Nəzəroğlu, əməkdar aktyor Anar Heybətov, aktyor Canəli Canəliyev, aktrisa Zülfiyyə Məmmədova, gənc sahibkarlar Orxan Şahbaz, Orxan Mahmudov, xeyriyyəçi Elgül Hüseynquliyeva, PR mütəxəssisi Nəsimi Paşayev, Azər Nəzərov, jurnalist Rövşən Tahirli, BDU-nun tələbələri Ümid Oruc, Nadir Rza, dövlət işçisi Ümid Məcidli və başqaları öz məktublarını göndəriblər. 

Təşəbbüslə bağlı "Sherg.az"a danışan layihə rəhbərləri bunun davamlı olacağını deyiblər: 

""Sizə məktub var" layihəsi çərçivəsində tanınmış şəxslərlə yanaşı, gənclər də bir-birlərinə səsli məktub göndərir, onlara sual, arzu, istək və xoş diləklərini bildirirlər. Layihə koronavirus pandemiyası yayılan zaman karantin vəziyyətinə uyğun planlanıb və ictimaiyyətin diqqətini cəlb edib. Düşünürük ki, indiki şəraitdə insanlar arasında xoş və isti münasibət ən vacib məqamdır. Layihəmizin əsas məqsədi də adamlar arasında səmimiyyəti, qayğını qoruyub saxlamaqdır. Gərək insanlar bir- birilərini unutmasınlar, koronavirusa məğlub olmasınlar. Biz bunu istəyirik".