Özü və ailəsi koronavirusa yoluxan baş redaktor danışdı - Yenilənib

"Özümü daim qoruyurdum, otağımda da spirt var".
Bu sözləri koronavirusa yoluxan baş redaktor İlham Quliyev özü Lent.az -a deyib. Onun sözlərinə görə, dünəndən nəfəs almaqda problemlə üzləşdiyi üçün həkim nəzarətində qalması tövsiyə edilib:

"Bu ayın əvvəlində ailə üzvlərimin müayinəsi pozitiv, mənim müayinəm isə neqativ çıxmışdı. Buna görə də ailəm Tibb Universitetinin Terapevtik Klinikasına yerləşdirildi. Ancaq müalicə sayəsində onların müayinəsi artıq neqativ çıxdı və təhlükəli həddi geridə qoyduqları üçün evə buraxıldılar. Ancaq dünəndən özümü pis hiss edirəm və hazırda nəfəs almaqda çətinlik çəkirəm. Onurğasında əyrilik olan 14 yaşlı oğlum tez-tez klinikaya masaja gedirdi. Şübhələnirik ki, virusa da elə yolda, yaxud klinikada yoluxub. Özüm şəxsi maşınla gedib-gəlirəm, daim özümü qoruyuram, iş otağımda da spirt var. Özünüzü qoruyun".

***
“Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev və ailəsi koronavirusa yoluxub. 
"Sherg.az"ın məlumatına görə, bu barədə İlham Quliyev “Facebook” hesabında yazıb.

"Koronavirus infeksiyası ilə mübarizə aparan xəstələrin sırasına mən və ailə üzvlərim də qoşuldu. Kompüter tomoqrafiyası ilə aparılan müayinələr ağciyərlərimin hər iki payında buzlu şüşə aşkarladı. Müalicə "Neftçilər" xəstəxanasında davam etdirilir.
Çətinliklərə və ağrılara baxmayaraq, nikbinik. Tezliklə virusla mübarizəni qazanıb, normal həyata qayıdacağımıza inanırıq.
Özünüzü qoruyun", -deyə o qeyd edib.