Prezidentə təşəkkür:“Bu çətin günlərdə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.


Salyan rayonunun Arbatan kəndindən Sevinc Ələkbərli, Şükufə Babayeva, Əfruzə İsayeva, İradə Rzayeva və Vüsalə Abuşova Prezidentə yazırlar: 
“Möhtərəm cənab Prezident, bu gün ölkəmiz Sizin qabaqlayıcı tədbirləriniz və məqsədyönlü addımlarınız sayəsində dünyanın bir çox ölkələri ilə müqayisədə koronavirusa qarşı az itki ilə mübarizə aparmaqdadır. Bu ağır günlərdə aztəminatlı ailələrə diqqət və qayğınız, onlara göndərilən maddi və ərzaq yardımları və ölkənin birinci xanımı Mehriban Əliyevanın da dəstəyi bir daha sübut etdi ki, Siz hər zaman xalqın yanındasınız. Bu proseslərin gedişi ərəfəsində bütün ölkədə olduğu kimi, bizim rayonda da tikinti-quruculuq, abadlıq işləri aparılır. Rayonumuzda illərdir təmirsiz olan doğum evində aparılan abadlıq işləri bizim üçün böyük bir hədiyyə oldu. Yaşadığımız Arbatan kəndinə Sizin göstərişiniz əsasında çox gözəl yeni asfalt çəkilməsi rayona gediş-gəlişimizi asanlaşdırıb. Bizim üçün ən sevindirici hal isə 1964-cü ildə tikilib istifadəyə verilən kənd məktəbinin Heydər Əliyev Fondu tərəfindən əsaslı təmirinə başlanılmasıdır. Möhtərəm cənab Prezident, bu işlərə görə biz - Arbatan kənd sakinləri Sizə öz təşəkkür məktubumuzu ünvanlamağı qərara aldıq. Biz bir daha əyani şahidi olduq ki, Siz bu çətin günlərdə belə xalqın üzərindən diqqət və qayğınızı əskik etmirsiniz. Sizə bütün kənd sakinləri adından minnətdarlığımızı çatdırırıq. Sizə sevgimiz və hörmətimiz sonsuzdur. Allah Sizi və ailənizi daim qorusun, ucaltsın, ölkəmizi çiçəkləndirsin, uğularınızı əbədi etsin. Biz Sizinlə birlikdə güclüyük!”.