Liderə minnətdarlıq:“Siz öz müdrik siyasətinizlə Azərbaycanı bu bəladan qorumaqdasınız”

Bütün dünyanı bürümüş koronavirus pandemiyasının ölkəmizdə geniş yayılmasının qarşısının alınması istiqamətində Prezident İlham Əliyevin atdığı qətiyyətli addımlara, əhalinin sağlamlığının qorunması, rifahının yaxşılaşdırılması üçün gördüyü işlərə görə Azərbaycan vətəndaşlarından dövlətimizin başçısına minnətdarlıq məktubları gəlməkdə davam edir. Vətəndaşlarımız Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan razılıqlarını ifadə edirlər.

Saatlı rayonunun Əhmədbəyli kəndindən ikinci qrup əlil Bayraməli Əliyev dövlət rəhbərinə məktubunda bildirir:

“Hörmətli cənab Prezident, mən həmişə Sizin fəaliyyətinizi dəstəkləyən bir Azərbaycan vətəndaşıyam. Siz bütün fəaliyyətinizi vətəndaşların rifahının yaxşılaşdırılmasına həsr etmisiniz. COVID-19 pandemiyasına qarşı səmərəli və düzgün siyasətiniz bunu bir daha sübut etdi. Hazırda dünyanı iqtisadi böhran bürümüşdür. Amma Siz öz müdrik siyasətinizlə Azərbaycanı bu bəladan qorumaqdasınız. Bu çətin vəziyyətdə Siz regionlara səfərlər edir, xalqın firavan yaşayışı üçün yeni obyektlər açır, videokonfranslar və videogörüşlər vasitəsilə mühüm məsələləri müzakirə edir, öz münasibətinizi bildirirsiniz. Böyük siyasətiniz, yüksək zəkanız və uzaqgörənliyiniz sayəsində buna nail olursunuz. Cənab Prezident, xalqımıza göstərdiyiniz bu böyük və məsuliyyətli əməyinizə görə Sizə öz adımdan və ailəmin adından təşəkkür edirəm. Qoy Ulu Tanrı Sizə hər zaman kömək olsun!”.