Koronavirus uşaqlarda sümük deformasiyası yaradır ? – Pediatrdan izah 

“Mart və aprel aylarına nisbətən indiki vəziyyət daha ağır və çətindir”

“Ev şəraitində müalicə alan uşaqların sağalma müddəti 5-7 günü  keçməyib”



Koronavirus pandemiyası yenicə başlayanda belə bir fikir formalaşdı ki, uşaqlar koronavirusa yoluxmur. Lakin zaman keçdikcə körpələrdə bu virusa yoluxma faktları aşkarlandı. Amma məlum xəstəliyin əlamətləri onlarda özünü daha yüngül göstərir. 
 Bununla belə, son vaxtlar uşaqlarda da koronavirusun ciddi və ağır keçməsi faktları müşahidə olunur.  Məktəblərin, uşaq bağçalarının bağlanması, insanlar arasında məsafənin saxlanılması və bir çox başqa ciddi tədbirlər valideynləri öz övladlarının təhlükəsizliyi barədə düşünməyə vadar edir. Çünki koronaviurusa yoluxub sağalan uşaqlarda sonradan sümük deformasiyalarının əmələ gəlməsinə dair iddialar dolaşır. 

Bu iddiaların həqiqətə uyğun olub-olmamasını aydınlaşdırmaq üçün pediatr  Xəyalə Quliyeva ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, əvvəllər uşaqların bu virusa yoluxmadığı deyilirdi:

“Bildirilirdi ki, azyaşlılar yoluxsalar da yüngül keçirirlər. Amma son 1 ayda uşaqlar bu virusa yoluxurlar və onlarda da “COVİD-19”un simptomları özünü göstərir. Təbii ki, burada əsas mənbə valideynlərdən başlayır. Valideynlər diqqətli olmur və  belə halların olduğuna inanmırlar. Əvvəl etiraz etsələr də, analizin nəticəsi yoluxmanın baş verdiyini göstərir.

Uşaqlarda temperatur, ishal, qusma və digər bu kimi hallar məhz koronavirus ilə bağlıdır. Qoxu və dadbilmə hissiyatının azalması və ya tam itməsi, yüngül formada qızartıların olması  da virusun əlamətləridir. Bu hallarda xəstəliyi  keçirən uşaqlar olub. Gəldiyimiz nəticə budur ki, evdə bir nəfərdə koronavirus aşkarlanıbsa, uşaqlara da çox asanlıqla keçə bilir”. 

Həkimin sözlərinə görə, mart və aprel aylarına nisbətən indiki vəziyyət daha ağır və çətindir:

“İnsanlarda daha ciddi virusa yoluxma halları özünü göstərir. Uşaqlarda yoluxma müddəti böyuklərə nisbətən azdır. Təcrübələrimə əsasən, böyüklərdən fərqli olaraq ev şəraitində müalicə alan uşaqların sağalma müddəti 5-7 günü  keçməyib”.