Tanınmış adamların otellərdə kefi yolverilməzdir

Bu, əhalinin depressiv halını daha da kəskinləşdirir


Bir neçə gündür ki, “Fairmont Baku” otelində baş verənlər gündəmi zəbt edib. Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq həftə sonunu oteldə keçirmək üçün vətəndaşlara çağırış edilib. Elanı görən insanlar istirahət etmək üçün sözügedən otelə yollanıblar. Otelin qonaqları istirahət anının görüntülərini sosial şəbəkədə paylaşaraq “Fairmont Baku”nun və özlərinin qaydanı pozduğunu bəlli ediblər. 

Bundan sonra oteldə yaşananlar sosial şəbəkədə və mətbuatda davamlı müzakirə edilib. Polis isə məsələyə dərhal reaksiya verərək orada əməliyyat aparıb. 

Baş verənləri “Şərq”ə dəyərləndirən sosioloq Sahib Altay bildirib ki, ölkəmizdə sərt karantin elan olunubsa və dövlət insanlara sərtləşmənin onların xeyrinə olduğunu deyirsə, bütün vətəndaşlar tərəfindən qaydalara əməl edilməlidir.

Onun sözlərinə görə, bəzi imkanlı və tanınmış şəxslər otelə yığışıb istirahət ediblər. Bunu çəkib görüntü olaraq paylaşdıqları üçün insanlarda aqressiyaya səbəb olub: “Çünki əhaliyə təlqin olunub ki, qanun hər kəs üçündür, hamı qanun qarşısında bərabərdir.



Hər kəs karantin qaydalarına əməl etməyə borcludur. Evində oturub psixoloji sarsıntı keçirən, depressiyaya düşən vətəndaş kiminsə istirahət etdiyini görəndə təbii ki, aqressiv olacaq. Ümumiyyətlə, kütləvi yoluxma olmamışdan qabaq insanlar virusa inanmırdılar.

Çünki karantinlə bağlı çıxış edən şəxslərə aid müxtəlif görüntülər yayılıb. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə nümayəndəsi Hande Harmancı efirə çıxıb insanlara dedi ki, “sərt karantin qaydalarına əməl etməlisiz”. 3 gün sonra isə Qubada istirahət mərkəzində şəkilləri yayıldı. Beləliklə insanlarda fikir formalaşır ki, “verilən qərarlara yalnız adi vətəndaş əməl etməyə borcludur”. 

Oteldəki şəxslərin qaydaları pozmasına gəlincə, sosioloq vurğulayıb ki, ölkədə yalnız ərzaq, qida və xüsusi xidmət sektorundan başqa hər yer bağlanıb:

“Bəs otel necə fəaliyyət göstərdi? Otelin fəaliyyəti karantin qaydalarına əsasən qadağandır. Əvvəlki qərara görə 10 nəfərdən artıq, yeni qərara əsasən isə 5 nəfərdən artıq toplaşma qadağandır. Oteldə isə onlarla adam vardı. Deməli, bu şəxslər karantin qaydalarına əməl etmirlər. Həmin insanlar qanun qarşısında məsuliyyət daşıyırlar.  Bütün bunlar olduqca mənfi görüntüdür. Çünki insanlarda virusa qarşı inamsızlığı daha da artırır. Tanınmış şəxslər ictimai imic qazanıblar. İstər-istəməz vətəndaş verilən qərarlara baxır, amma internetdə görür ki, tanınmışlar kütləvi istirahət edirlər. İnsanların otelə kütləvi axışması verilən qərara ziddir və əhalinin depressiv halını daha da kəskinləşdirir”.