Mütləq ictimai qınaq modeli formalaşmalıdır

O yerdə ki, dövlət maraqları ilə ictimai maraqlar üst-üstə düşür, dövlət daha güclü olur

Pandemiya dövrü Azərbaycan cəmiyyətini müşahidə etmək, fərd olaraq özümüzə baxış üçün bir fürsət kimi dəyərləndirilməlidir


İctimai qınaq modeli təəssüf ki, formalaşmayıb. Halbuki, cəmiyyətin inkişafında, dövlətin qəbul etdiyi qərarların ictimaiyyət tərəfindən dəstəklənməsi və ona əməl edilməsində ictimai qınaq əhəmiyyətli yer tutur. Bu həqiqət xüsusilə, hazırkı - ölkəmiz koronavirus təhlükəsi ilə nəinki üz-üzə, artıq iç-içə yaşadığı bir dönəmdə özünü daha aydın büruzə verir. Mart ayından başlayaraq Azərbaycan hökuməti virusla mübarizədə, virusun yayılmasının qarşısını almağa yönəlik qərarlar verib.

Lakin biz cəmiyyətdə qərarları görməzdən gələn, virus təhlükəsinə saymazyana yanaşanların da şahidi oluruq. Artıq 4-cü aydır virusla mübarizə davam edir. Statistik rəqəmlər, indi bir qədər ümidvericidir. Lakin bundan əvvəl az qala çox təhlükəli halla qarşılaşacaqdıq. Bununla belə bəzi vətəndaşların məsuliyyətsiz hərəkətlərindən əl çəkmədiyini görürdük.

Verilən qərarlarsa o zaman effektiv ola bilər ki, cəmiyyət bütövlüklə onlara əməl etsin, “qaydalar hamı üçündür” prinsipini əsas tutsun. Əlbəttə, bu gün Azərbaycanın koronavirus infeksiyasına həm yoluxma, həm ölüm halları, həmçinin də görülən tədbirlər baxımından bir çox ölkələrdən qat-qat yaxşı vəziyyətdədir.

Bunu Dünya Səhiyyə Təşkilatı, beynəlxalq qurumlar, qonşu, dost ölkələr də təsdiqləyir. Amma biz ictimaiyyətdən daha artıq anlayış və qaydalara əməl edilməsini gözləyirik. Çünki dövlətin möhkəmliyi həm də buna bağlıdır. O yerdə ki, dövlət maraqları ilə ictimai maraqlar üst-üstə düşür, ölkənin gücü daha da artır. Bunun üçün də mütləq ictimai qınaq modeli formalaşmalıdır. Amma necə?     
 
Qınağı niyə qəbul etmirlər? 

“Get, işinlə məşğul ol, sən kimsən?! Özüm bilərəm…”, bu kimi ifadələri ictimai yerlərdə kiməsə irad bildiriləndə çox eşidirik. Qəbul etmir bəzi adamlar iradları. Çox ağır ifadələr səsləndirənlər də olur. Hətta söyüş formasında. Elə buna görə də çoxumuz “nə işimə qalıb, bir söz deyərəm, qayıdıb ağır cavab verər, biabır olaram” əndişəsi ilə səsimizi qısır, irad bildirmək hüququmuzdan keçirik. Hətta həyat və sağlamlığımız üçün ciddi təhlükə gördükdə belə. Elə bu günlərdə ən ciddi təhlükə koronavirusa yoluxma riski deyilmi? Metropolitenin fəaliyyəti dayandırılmamışdan bəzi sərnişinlərin qaydaların əksinə gedərək, metro vaqonlarında, platformada qoruyucu maskadan istifadə etmədiyini müşahidə edirdik, lakin ürək eləyib irad bildirmirdik. Bayaq xatırlatdığım səbəbdən: “qayıdıb, ağır söz deyər”.

Niyə? Niyə biz hətta həyatımıza mövcud olan təhlükə ilə bağlı iradları qəbul etmirik?  Bəlkə sözün, iradın deyiliş formasını düzgün müəyyənləşdirə bilmirik?  Mütəxəssislər bu fikirdədir ki, iradlar kobud, aqressiv, qarşıdakı insanı aşağılayacaq tərzdə deyildikdə qıcıq yaradır. Belə davam etdiyi müddətdə heç vaxt cəmiyyətimizdə ictimai qınaq normal sayılmayacaq.
İnsanlara cinayətkar kimi irad bildirilirsə, o sözün effekti olmayacaq, əksinə, qarşı tərəfdə aqressiyanı daha da artıracaq.  

Məsuliyyətsiz vətəndaşlar tənbeh edilməlidir  

Qapalı yerlərdə maska taxmayan, sosial məsafə saxlamayan vətəndaşlara qarşı cərimələr nəzərdə tutulsa da, hər gün mağazalarda, ictimai nəqliyyatda maskasız  insanlarla hələ də rastlaşırıq. Sağlamlığımızı risk altına alan bu şəxslər real  vəziyyətin ciddiliyinə, kritikliyinə etinasız yanaşır.
Ölkə ictimaiyyətinin ümumi qənaətinə görə, xüsusi karantin rejimi qaydalarını pozan, məsafə saxlamayan, qapalı məkanlarda maskadan istifadə etməyən insanlara qarşı ictimai qınaq mexanizmi həyata keçirilməlidir. Bunu görən başqa vətəndaş o cür məsuliyyətsiz insanları tənbeh etməli və başa salmalıdır. Eyni zamanda hər hansı bir şəxsin yol verdiyi yanlış hərəkətlərin cəmiyyətə bəxş etdiyi mənfi fəsadları insanların diqqətinə çatdırmaq lazımdır. Lakin təhqir yox, tənbeh formasında. 

Klinik-psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, bizim kimi  cəmiyyətlərdə maddi cəzalar heç vaxt özünü doğrultmur: 

- Bunun ən müxtəlif  qayda pozuntularına görə cərimə tətbiqi zamanı şahidi olmuşuq. Əksəriyyət hesab edir ki, cəriməsi nə qədərdirsə ödəyərəm, əsas odur rahat və sərbəst olum. İstədiyim kimi davranış sərgiləyim. İctimai qınaq mexanizmi  isə daha effektiv olur. Hesab edirəm ki, vətəndaşlar  ictimai nəqliyyatda, qapalı məkanlarda maskasız gəzən insanlara  öz iradını bildirməlidir. Hər kəs yanında olana, yanından keçənə maska taxmağı izah etməlidir. Bu irad  aqressiyaya çevrilməsin deyə də,  ətraflı izah verilməlidir. 

Təəssüflər olsun ki, bizdə  ictimai qınaq mexanizmi də tam formalaşmayıb. İctimai etirazlar yoxdur. Adətən bu, məişət səviyyəsində edilir. Müşahidələrimə əsasən deyim ki, vətəndaşlar kiməsə irad bildirən zaman son dərəcə aqressiv və kobud ifadələrdən istifadə edir.
İctimai qınaq edənlər bəzən qarşıdakı adamı təhqir edirlər, bu zaman da aqressiv reaksiya ilə üzləşirlər. Aqressiv, əsəbi şəkildə ictimai qınaq tələb etmək olmaz. İlk növbədə davranmağı və ünsiyyət formamızı formalaşdırmalıyıq. Axı kimsə kimisə qınaq edəndə, hansı reaksiyanı görəcəyini bilmir.
Dediyim kimi, ictimai qınaq  gözəldir, amma düzgün formada deyiləndə. Qayda pozan şəxsləri  nəcib formada başa salsaq, pandemiya ilə mübarizədə daha effektiv nəticələr əldə edə bilərik. Nə qədər ki ictimai qınağı yanlış formada edirik, o zamana qədər insanlarımız əziyyət çəkəcək. Bunu kobud, aqressiv, qarşımızdakı insanı aşağılayaraq etsək, heç vaxt cəmiyyətimizdə ictimai qınaq normal sayılmayacaq. İnsanlara cinayətkar kimi irad bildirilirsə, orda dava da düşər, qırğın da.

Aqressiv formada qınaq təhqirə bərabərdir

V.Rəşidova hesab edir ki, utandığı üçün ictimai qınağı bildirməmək vətəndaşın laqeydliyindən irəli gəlir: 

- Əgər biz bu dövlətin vətəndaşıyıqsa, ölkəmizə, şəhərimizə məsuliyyətli yanaşmalıyıq. İctimai qınağı utanıb bildirməmək, bir növ, məsuliyyətsizlikdən xəbər verir. Mən tibbi maska taxıramsa, məsuliyyətliyəmsə, hər bir insan bunu etmək gücündədir. Əgər liftdə biri maskalıdırsa, digəri yox, bu, maskasız adamın özünə, vətəninə, yaşadığımız problemlərə laqeydliyidir.

Qarşı tərəf bunu nəcib formada bildirmirsə, burda onun da payı olur. Cəmiyyət ən məsuliyyətsiz insanı belə məsuliyyətə cəlb edir. İctimai qınağı sivil şəkildə izah edib qarşımızdakı insanı məsuliyyətə səsləməyə məcburuq”.

Psixoloqun fikrincə, valideynlər övladlarına körpə yaşlarından ictimai məsuliyyət aşılamalıdırlar:

- Təəssüf ki, ailələrdə uşaqlara "sənin nə borcuna qalıb, fikir vermə, get” prinsipi aşılanır. Bu cümlə uşaqları cəmiyyətə yararlı olmaqdan çəkindirir. Elə məqamlar var ki, gördüyün yanlışa fikir bildirməmək səni məsuliyyətsiz edir. Valideynlər övladlarına cəmiyyətin problemlərinə laqeydliyi aşılamasınlar”.
V.Rəşidovanın sözlərinə görə, Azərbaycanda ictimai qınaq mexanizmini formalaşdırmadan pandemiyaya qarşı mübarizədə bu üsuldan effekt gözləmək mənasızdır. İlk öncə biz bir vətəndaş olaraq üzərimizə düşən öhdəlikləri bilməli, ona əməl etməliyik ki, başqalarından da nəyisə tələb edə bilək: 
- Əvvəla gərək fərd olaraq biz özümüz maska taxıb, şəxsi gigiyena qaydalarına əməl edək ki, qarşımızdakı insandan da eyni davranış sərgiləməyi tələb edək. İnandırım sizi, vətəndaşların böyük əksəriyyətinin bu qaydalara əməl etməsi belə ictimai qınaq funksiyasını yerinə yetirir. Amma bizdə proses tərsinədir. Böyük əksəriyyət maskanı ancaq polis postlarına çatanda taxır. Öz sağlamlığına, təhlükəsizliyinə laqeyd olan bir cəmiyyətdən ictimai qınaq gözləmək doğru deyil".

Vətəndaş lağa qoyulmamalıdır – bunun nəticəsi olmur

Qadın və Uşaq Akademiyası İctimai Birliyinin təsisçisi Sevinc Fədai də hesab edir ki, pandemiya dövründə ictimai qınaq vasitəsilə vətəndaşların daha da məsuliyyətli olmasına çalışılmalıdır:

- Belə vəziyyətlərdə cərimələr hər zaman effekt vermir. Qayda pozuntularına qarşı cərimələrin tətbiq olunmasına bəlkə də ən son variant kimi baxılmalıydı.  Öncə maarifləndirmə, ictimai qınaq üsullarından istifadə edilməlidir. Bu üsullar daha effektiv ola bilər. Cərimələr bu sərt karantin dövründə – insanların evə qapandığı, istədiyi kimi gəzib-dolaşa, istirahət edə bilmədiyi, iş həyatının dayandığı bir zamanda onları daha da aqressivləşdirdi. Həmçinin, cəmiyyətin əksər hissəsində koronavirus infeksiyasının mövcudluğuna inamsızlıq var idi və belə deyim, onlar özlərini var olmayan bir şeyin cəzasını çəkmiş kimi hiss edirdilər. Bu da, təbii ki, xoş deyildi və aqressivləşən insanlar qayda-qanuna qarşı daha da biganə yanaşdılar. Bu da məhz maarifləndirmənin zəif olmasının səbəbi idi. 

Pandemiya dövrü Azərbaycan cəmiyyətini müşahidə etmək, fərd olaraq özümüzə baxış üçün bir fürsət oldu. Bu müşahidələr əsasında gördüyümüz həm də o oldu ki, bizim cəmiyyətdə fərdi və ictimai məsuliyyət yoxdur, insan həm öz, həm də ətrafının sağlığına biganədir. İkincisi, dövlətin qanunlarına sayğı arzuolunan səviyyədə deyil. Üçüncüsü, vətəndaşların psixoloji sağlamlığı və durumu göz önünə gətirilmir, nəzərə alınmır. Azərbaycan insanının indiki psixoloji vəziyyətində ona qarşı ictimai qınaq heç bir effekt verməyəcək.

Onu da nəzərə alaq ki, bizdə ictimai qınağın üslubu doğru seçilmir. Məsələn, sosial məsafə saxlamayan və ya ictimai nəqliyyatda maska taxmayan adamın şəkli çəkilib ya lağa qoyulur, ya da təhqir edilir. Bu da onu daha da islahedilməz edir. Halbuki, həmin vətəndaşın özünə doğru yanaşma üsulunu seçib, bunu ona izah etmək və müsbət nəticəsini görmək olar.

Sevinc xanım hesab edir ki, dövlət vətəndaşını qorumaq istəyirsə, onu sevdiyini, düşündüyünü, qayğısına qaldığını göstərməli, sübut etməlidir: 
- Vətəndaş bunu hiss etməlidir. O zaman heç cəriməyə də ehtiyac olmayacaq. Həmçinin, dünyamızın, ölkəmizin salamat, sakit zamanında bütün bu mənəvi və ictimai məsələlər barədə düşünməliyik.

Çünki belə çətin və həssas bir vaxtda məsuliyyətsiz vətəndaşı qorxutmaqla məsuliyyətli vətəndaşa çevirmək mümkün deyil. Bu, bir növ təlim-tərbiyə məsələsidir ki, 1-2 ayda nəticə əldə etmək olmur. Zamanında insanın özünə, cəmiyyətinə, dövlətinə, qayda-qanuna sayğı aşılamaq lazımdır. Sistemli və düşünülmüş şəkildə plan-proqram, sistem qurmaq lazımdır.