"Ölkədə oğlan uşaqlarının çox doğulması müsbət haldır, amma..." 

“Təəssüf ki, bu, təbii yolla baş vermir. Uşağın cinsiyyətinin qız olduğunu bilən valideynlər çox vaxt həmin uşaqları məhv edirlər”

Bu ilin 6 ayı ərzində 60.094 doğum dövlət qeydiyyatına alınıb. Ədliyyə Nazirliyindən  bildirilib ki, onlardan 32.074-ü oğlan, 28.020-i qız cinsindən olub. Həmçinin 1.422 əkizin, 81 üçəmin doğumu qeydə alınıb. Statistikaya görə, həmişə oğlan uşaqları üstünlük təşkil edir?

Mövzuyla bağlı “Sherg.az” a danışan sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, ölkədə oğlan uşaqlarının çox doğulması müsbət haldır, amma... Amması da var:


“Oğlan uşaqlarının çox doğulması yaxşı əlamətdir. Amma təəssüf ki, bu, təbii yolla baş vermir. Uşağın cinsiyyətinin qız olduğunu bilən valideynlər çox vaxt həmin uşaqları məhv edirlər. Bunun özü dəhşətli hadisədir. Valideynlər öz uşaqlarının qətli ilə bağlı qərar qəbul edirlər. Qorxunc olan məsələnin mənəvi tərəfidir. Valideynlərdə mənfi xüsusiyyətlər formalaşır. Övladının “qatil”i  olan valideynlərdə psixoloji dəyişikliklər baş verir və onlar zərbə alırlar. Bu məsələyə diqqəti daha çox yönəltməliyik. 

Oğlan uşaqlarının çox doğulmasının yaxşı tərəfi nədir? Oğlan uşaqları 20 yaşına çatdıqda ölkədən gedir, qəza və müharibələrdə ölürlər. Statiskaya görə xarici ölkələrə gedən oğlanların sayı qızlardan çoxdur. Biz müharibə şəraitində olan ölkəyik. Oğlan uşaqlarının 7-8 faiz çox doğulması yaxşı haldır və bizim ordumuza dəstəkdir.

Neçə ildir ki, mətbuatda bu məsələnin qoyuluşunu düzəltməyə çalışıram. Oğlanlarımız böyüyəndə kiminlə evlənəcək fikri yaranır. Burada əsas məsələ xoşbəxt ailənin qurulmasıdır. İstəyirik ki, hazırkı dövrdə olduğu kimi 100 evlənəndən 30-u boşanmasın. Bu məsələyə, genefondumuza diqqət etmək lazımdır.
Oğlan uşaqlarının sayının artması  statistik, demoqrafik cəhətdən yaxşı haldır, mənəvi cəhətdən isə fəlakətdir”.