Bu il ölkə üzrə 25 mindən çox heyvan dişləməsi qeydə alınıb

2024-cü ilin ötən dövrü ərzində respublika üzrə 25 140 heyvan dişləməsi faktı qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bunlardan 13 907 hadisə məlum heyvanlar, 11 233 hadisə naməlum heyvanlar tərəfindən olub.

2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin keçən dövrü ərzində heyvan dişləməsinə məruz qalanların sayı 430 nəfər azalıb (2023-cü ilin müvafiq dövründə müraciətlərin sayı 25 570 nəfər olub).

Heyvan dişləməsinə məruz qalanların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin var.

Qeyd edək ki, cari ilin ötən dövrü ərzində insanlar arasında quduzluq hadisəsi qeydə alınmayıb.