Polis Salyanda əməliyyat keçirdi 

Salyan polisi rayon ərazisində narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı bir neçə əməliyyat keçirib.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Şirvan şəhər sakini Abbas Quliyev saxlanılıb.

Onun üzərində şəxsi axtarış aparılan zaman doqquz qrama yaxın narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Abbas Quliyev ifadəsində narkotik vasitələri Sübhan adlı şəxsdən aldığını bildirib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının əməliyyat tədbirlərinin davamı olaraq keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan rayonun Qaraşala kənd sakini Sübhan Ağarzayev də saxlanılıb.

Onun üzərinə baxış zamanı bir büküm narkotik vasitə heroin və 11 qram psixotrop maddə olan metamfetamin aşkar edilib. 

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb. Daxil olmuş məlumat əsasında keçirilən tədbir nəticəsində rayonun Xalac kənd sakini Mənsum Əzimov tutulub.

Onun yaşadığı evin yardımçı otağına baxış zamanı dörd kiloqramdan artıq narkotik vasitə qurudulmuş marixuana aşkar olunub. Mənsum Əzimov ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl əkdiyini və xüsusi qulluq etdiyini deyib. Hər iki faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.