"Əsas odur yoluxmanın qarşısını alaq"

İlahiyyatçı alim: "Müasir islam alimləri pandemiya ilə mübarizədə görülən tədbirlərə riayət edilməsini israrla tövsiyə edirlər"

Bu il Məhərrəm ayı avqustun 21-də başlayacaq. Bildiyimiz kimi, Məhərrəm ayı çərçivəsində, xüsusən, ayın 10-cu günü - “Aşura”da xüsusi dini ayinlər, kütləvi mərasimlər təşkil olunur, məscidlərdə kütləvi ibadətlər edilir. Nəzərə alaq ki, bəşəriyyət uzun zamandır koronavirus pandemiyası ilə mübarizə aparır. Yüz minlərlə insan virusdan dünyasını dəyişib. Dünyanın bir parçası olan Azərbaycanda da koronavirus təhlükəsi hələ ciddiliyini qorumaqdadır. Məhz bu səbəbdən epidemioloji vəziyyəti nəzərə alan Operativ Qərargah və dövlət qurumları “Aşura” mərasimlərində kütləviliyə yol verilməməsini və belə tədbirlərdən uzaq durmağı tövsiyə edirlər. İlahiyyatçılar da hesab edirlər ki, indiki real təhlükə fonunda müvafiq dövlət qurumlarının tələblərinə ciddi şəkildə riayət etmək çox önəmlidir. 

Məsələni “Şərq”ə dəyərləndirən ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aslan Həbibov bildirib ki, Məhərrəm ayının müsəlmanların, bütövlükdə Azərbaycan xalqının dini mərasimlərində xüsusi yeri var. İlahiyyatçının sözlərinə görə, məhz bu ayda bəşər tarixinin ən böyük faciələrindən biri baş verib:

“Məhərrəm ayının 10-cu, yəni Aşura günü islam peyğəmbəri Həzrəti Məhəmmədin (s.ə.s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlam 72 nəfər yaxını ilə indiki İraqın Kərbəla şəhərində faciəvi şəkildə şəhid edilib. Bu hadisə müsəlmanları dərindən sarsıdıb və təsiri günümüzə qədər davam etməkdədir. Dəhşətli hadisə qısa zamanda islam dünyasının dörd bir yanına yayılaraq, müsəlmanların sərt reaksiyasına səbəb olub. Kərbəla hadisəsi baş verdiyi gündən indiyədək müsəlman aləminin hər yerində Məhərrəm ayı matəm kimi qeyd olunur. Çətinliklər, qadağalar buna mane ola bilməyib, insanların qəlbindən bu sevgini söküb atmağı bacarmayıblar. Azərbaycan xalqının qəlbində də əhlibeyt sevgisinin, o cümlədən İmam Hüseynin xüsusi yeri var. Xalqımız zalımların zülmündən qaçıb, onlara pənah gətirən əhlibeyt mənsublarına qucaq açıb, sahib çıxıblar. O baxımdan Məhərrəmlik mərasimləri xalqımız tərəfindən qeyd olunmaqdadır. 70 illik sovet rejimi belə xalqı bundan çəkindirə bilməyib. Məscidlərin bağlı, dini ayinlərin qadağan olduğu dövrlərdə gizlicə icra edilib, hər cür sıxıntılara sinə gərilib”. 

İlahiyyatçı-alim vurğulayıb ki, ötən ilə qədər beləcə davam edib. Lakin indi durum bir az fərqlidir:

“2019-cu ilin dekabrında Çində başlayan koronavirus xəstəliyi qısa zamanda dünyaya yayıldı və milyonlarla insanın yoluxmasına, yüz minlərlə insanın ölümünə səbəb oldu. Sonradan görülən tədbirlərlə yoluxmanın və ölümlərin sayı müəyyən qədər alındı. Tədbirlər çərçivəsində ibadət yerləri və ziyarətgahlara girişlər bağlandı, camaat şəklində icra edilən ibadətlər təxirə salındı. Yas və digər mərasimlər qadağan edildi. Əsrlərdir “Aşura”nı qeyd edən xalqımız bu il də haqlı olaraq mərasimlər təşkil etmək niyyətini bəyan edir. Hesab edirəm ki, müsəlmanların səmimi istəklərində başqa səbəblər axtarılmamalıdır. Lakin təhlükənin hələ tam sovuşmadığı reallığı nəzərə alınmalıdır. Tədbirlərə uyulmadığı təqdirdə yoluxma və ölüm sayında artışın olduğu müşahidə olunur. Virusa qarşı hələki vaksin tapılmayıb. Ona görə də virusla mübarizədə ən doğru yol sosial məsafə saxlamaq, gigiyenik təmizliyə riayət etməkdir. Camaat şəklində icra edilən mərasimlərdə sosial məsafə məsələlərinə diqqət etmək çox çətindir və belə durumda yoluxmanın artacağı dəqiqdir. Ramazan və Qurban bayramlarında, cümə namazlarında, Həcc ziyarətlərində müəyyən məhdudiyyətlərə əməl etdiyimiz kimi “Aşura” günü mərasimlərində də qaydalara riayət etmək məcburiyyətindəyik. Əks halda bu addımlar yoluxma hallarının artmasına gətirib çıxara bilər”.

A.Həbibovun fikrincə, islama görə, insan həyatı, sağlamlığı hər şeydən üstündür:

“Yoluxucu xəstəliklərə qarşı mübarizədə Həzrəti Peyğəmbərin tətbiq etdiyi üsul var. Allah rəsulu buyurub ki, “Əgər yoluxucu xəstəlik olan bir bölgədəsinizsə, evdən bayıra çıxmayın, əgər kənardasınızsa, həmin bölgəyə girməyin!”. O səbəbdən yoluxucu xəstəlik zamanı kütləviliyə yol verməmək mütləqdir.

Digər məqam isə başqalarına zərər verməklə bağlıdır. Əgər məsuliyyətsiz hərəkətimizlə digər insanın virusa yoluxmasına, bəlkə də ölümünə səbəb olarıqsa, bu da qul haqqı olaraq qarşımıza çıxacaq. Bunları nəzərə alan müasir islam alimləri pandemiya ilə mübarizədə görülən tədbirlərə riayət edilməsini israrla tövsiyə edirlər.

Ramazan ayında bir çox din xadiminin gördüyü işlərin şahidi olduq. Din xadimləri sosial şəbəkə vasitəsi ilə canlı yayımlar təşkil edərək maarifləndirmə işini uğurla yerinə yetirdilər. “Aşura” mərasimlərində də bu cür davranmaq məqsədəuyğun olar. Onlayn görüşlərlə bu cür mərasimləri qeyd edə bilərik. Əsas odur ki, yoluxmanın qarşısını alaq”.