Rəşad Məcidə kitablarının adları ilə təbrik...


Təhsil aldığım Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin "Yeni media və kommunikasiya texnologiyaları" kafedrasının müdiri, professor Cahangir Məmmədli, demək olar ki, hər söhbətimizdə "525-ci qəzet"dən söz açardı. Keçmiş zamanda danışıram, çünki yaranmış pandemiya şəraitindən ötrü artıq uzun müddətdir, fakültəmizdən və müəllimlərdən uzağam. Amma vaxtilə zamanımızı dəyərləndirib o qədər dolu-dolu söhbətlər etmişik ki, indi həmin müzakirələri yadıma salıb nəticələr çıxarıram. 



Cahangir müəllim "525-ci qəzet"in keçdiyi "ömür yolu"ndan, fəaliyyətindən danışanda kollektivin adını "Rəşadgil" deyə qeyd edirdi. Hələ qəzetin əməkdaşlarını tanımasam da, bu səmimi ünvandan hiss edirdim ki, redaksiyada iş yeri ab-havasından daha çox ailə mühiti hökm sürür. Şübhəsiz, bu şərait böyük və əzəmətli ailənin başçısı Rəşad Məcidin əməyi ilə ərsəyə gəlib.

"Hələ ki, vaxt var..."

Azərbaycan Yazıçılar Birliyinin katibi, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidlə əyani tanışlığımız 2019-cu ilin may ayına təsadüf edir. Həmin gün söhbətimiz zamanı Rəşad müəllimdən öyrəndiklərimi saymaqla bitirə bilmərəm. Bu təəssüratlarımı ikinci doğmamız olan "Şərq" qəzetində dərc olunan "Dəlicəsinə" adlı yazımda ən kiçik nüanslarına qədər qeyd etmişdim. Rəşad Məcidi onunla müsahibədən əvvəl qiyabi olsa da, oxuduğum yazılardan və müəllimlərimdən eşitdiyim qədər tanıyırdım. O da mənim adımı birinci kursun ilk dərs günündən - Həsən bəy Zərdabinin məzarını ziyarət edərkən eşidibmiş. Yaddaşı iti olduğundan müsahibə üçün redaksiyaya gedəndə bunu mənə xatırlatdı. Dedi ki, iki il əvvəl Jurnalistika fakültəsinin uşaqlarından aralarında Ağcabədidən kiminsə olub-olmadığını soruşmuşdum, amma ağcabədili qızın ziyarətə gəlmədiyini bildirmişdilər. Elə o gündən bəri içimdə bir peşmanlıq qalmışdı. Kaş ki, "həmin gün gedib Rəşad Məcidi daha tez tanıyardım", deyə çox düşünmüşdüm. Hər şeyə rəğmən, önümüzdə hələ xeyli vaxtımızın olmağı mənə təsəlli verirdi. İnanırdım ki, bu vaxt ərzində öyrənilməsi lazım olan bütün incəlikləri ondan və "525"dən öyrənəcəyəm. 

Ədalətli adam

Çox vaxt sosial şəbəkələrdə yazı paylaşanda  "525-ci qəzet"in adını rəsmi şəkildə yox, elə özümünküləşdirərək "qəzetim" deyə qeyd edirəm. Tək mənim yox, bizim kollektivdəki hər kəsin qəzetimizə olan münasibəti belədir. Çalışanların redaksiyaya bu qədər bağlı olmağının da "Səbəb"i məhz Rəşad Məciddir. Onun iş mühitində yaratdığı səmimilik özünü işçilərin sonsuz sevgisi, sədaqəti və hörmətində göstərir. Rəşad müəllim üçün kimin hansı vəzifədə olmağının əhəmiyyəti yoxdur. O, kiçikdən böyüyə hamıyla eyni cür rəftar edir. Bu isə onun ədalətli adam olmağının ən bariz nümunəsidir. "Qələmsiz yazılanlar" kitabında oxuduğum "Qəzəb ədalətsizlikdən doğur" ifadəsi də elə bu dediklərimi təsdiqləyir. Yəqin, ədalətli biri olduğundan qəzəbini nəzarətdə saxlamaqda da çətinlik çəkmir. Rəşad Məcid həm ədalətindən, həm də sevgisindən hər kəsə eyni qədər pay verməyi çox yaxşı bacarır.

Bağışlamağın sinonimi

Rəşad Məcid obrazında üç məfhumu daha dəqiq görmək mümkündür: sədaqət, ədalət və bağışlamaq. O, ən mənfi davranışlara belə öz tərzində cavab verməyin öhdəsindən çox gözəl gəlir. Necə?! Bağışlayaraq! Onun ən sevdiyim xüsusiyyətlərindən birincisi bağışlama hissinin bu qədər qüvvətli olmasıdır. Hərdən ard-arda səhvlər edəndə bundan valideynlərimiz belə yorulur. "Axı, bir adamın günahından bu qədər keçməzlər!", deyə məzəmmət də edirlər. Rəşad müəllim isə səhvimiz dəfələrlə öyrətməyinə baxmayaraq hər dəfə eyni səbri göstərməyi bacarır. Bütün bu səbəblərdən ötrü Rəşad Məcidi, həqiqətən də, "Xasiyyət xoşbəxti" adlandırmaq olar. Çoxumuzu hiddətləndirən hadisələrə, əsəblərimizi tarıma çəkən insanlara göstərdiyi mülayim reaksiyalar isə məndə tərifsiz təəccüb hissi doğurur. Çünki özüm bağışlamağı və hadisələrə sakit yanaşmağı yaxşı bacaran adam deyiləm. Görünür, Rəşad Müəllimdən təkcə jurnalistikanın yox, humanistliyin də dərsini almalıyam.

"Bir də gəlməyəcək"

Rəşad Məcidin xüsusiyyətləri təkcə rəsmi statusları ilə məhdudlaşmır. Onu bizlərə ən çox sevdirən cəhəti ziyalı olmaqla yanaşı bir çox yaxşı keyfiyyətləri də özündə birləşdirməsidir. O, yeri gələndə dost, yeri gələndə müəllim olmağı da bacarır. Bir problem və ya sualım olanda ilk ona demək istəməyimin də səbəbi məhz budur. Bilirəm ki, beynimdə qarışıq olan düşüncələri nizamlayaraq ortaq məxrəcə gətirə biləcək. Bu yaxınlarda Rəşad müəllimlə söhbət zamanı insanlara qarşı o qədər də sevgi dolu olmadığımı bildirmişdim. Ona görə ki, bəzilərinin edə biləcəyi nankorluqlar sərhədsizdir. Təbii ki, həmin insanlar arasında istisnalar da var. Rəşad Məcid də o istisnalardandır. Məncə, onun xarakterində olan ikinci şəxs bu dünyaya bir də gəlməyəcək. Axı, hər insana gözüyumulu güvənə bilmirsən. Buna görə də, onunla tanış olduğum üçün özümü çox xoşbəxt və şanslı hiss edirəm. Qoy, məni lap "yerlibaz" adlandırsınlar. Amma mən yenə də Rəşad Məcidlə eyni torpaqda doğulduğum üçün qürur duyuram. Özü də elə ilk günkü kimi!

"Cığıraçan"

Yaxşı yadımdadır, onunla söhbətlərin birində mənə "Cığıraçan" adlı bir kitabını bağışlamışdı. Hətta kitabları az oxumağımla bağlı irad da tutmuşdu. Mən də özümə bir siyahı düzəldib, başlığına "Müsbətə doğru" yazmışdım. Bu gün də həmin siyahını saxlayıram. Rəşad müəllimin söylədiyi hər mənfini siyahının bir tərəfində qeyd edib müsbətə çevirməyə çalışıram. Onun sayəsində oxuduğum kitabları da bu siyahıya artıq əlavə edə bilərəm. Az öncə adını çəkdiyim kitab elə bunlardan biri idi. Kitabın adından tutmuş son vərəqinə kimi hər yerdə sanki Rəşad Məcid obrazına rast gəlirsən. "Cığıraçan"! Bu ad Rəşad müəllimin ikinci peşəsinin ümumiləşdirilmiş adıdır desək, yalan olmaz. O, sanki gənclərə cığır açmaqla vəzifələndirilib. Rəşad Məcidin açdığı həmin cığırlarda irəliləməyə davam edən gənclərdən biri də elə mənəm. Əlimdən tutub xəyalımda Jurnalistika məktəbi kimi canlandırdığım "525"də çalışmağa sövq etdikdən sonra Rəşad Məcid təkcə bu günüm üçün yox, gələcəyimdən ötrü də silinməz izlər qoydu. İndi xoşbəxtəm ki, bu gözəl və səmimi ailənin bir üzvüyəm. Haçansa doğma qəzetimlə yollarımız ayrılsa belə, orada tanıdığım zəhmətkeş insanlarla münasibətlərim heç vaxt axsamayacaq. Çünki düzgün şəkildə yazmaq, utancaqlığın daşını atmaq, emosional hissləri idarə etmək və daha bir neçə müsbət keyfiyyətlərə bu ailədə yiyələnmişəm.

Bu gün özümə ən doğmalardan biri hesab etdiyim Rəşad Məcidin 56 yaşı, mənim üçün "525"də parlayan "Ümid işığı"nın  isə 2 ili tamam olur.

Doğum gününüz mübarək, Rəşad müəllim! Sizinlə ilk tanışlığa "Salam" dəyərək başlasaq da, "Əlvida" deməyimizə hələ çox var...

Günel ABBAS