Sarkisyan cinayətini məğlubiyyətində axtarır

Ermənistan ictimaiyyətində aprel döyüşləri ilə bağlı cavabsız suallar qalmaqdadır

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan növbəti dəfə absurd ifadələr səsləndirib. Mətbuat konfransında çıxış edən Sarkisyan 2016-cı ilin aprel döyüşləri barədə danışarkən, guya, Azərbaycan Ordusunun tərkibində Türkiyə və İsraildən hərbi təlimatçıların olması haqqında sərsəm fikir səsləndirib. Azərbaycan Müdafiə Nazirliyi eks-prezidentin uydurmasını cavabsız qoymayıb.

Nazirlikdən vurğulanıb ki, məhz Ermənistan silahlı qüvvələrində hərbi xidmətə çağırışçı və səfərbərlik ehtiyatlarının çatışmazlığı səbəbindən xarici ölkələrdən gətirilən muzdluların istifadə edilməsi praktikası geniş tətbiq olunur: “Aprel döyüşlərindən aldığı zərbənin təsirindən 4 il sonra qismən özünə gələn Serj Sarkisyanın bəraət qazanmaq üçün bu cür cəfəng fikirlər səsləndirməsi heç də təəccüblü deyil.

Bir tərəfdən Ermənistan ordusunun həmin döyüşlərdəki məğlubiyyətinin fəsadları, digər tərəfdən cəzalandırılmaq qorxusu Serj Sarkisyanı belə bir addım atmağa məcbur edib. Sarkisyanın səsləndirdiyi yalan və gülünc fikirlər onun öz tərəfdaşları, erməni ictimaiyyəti qarşısında itən nüfuzunu bərpa etməyə, xüsusilə də parlament komissiyasının qəbul edəcəyi qərarlara təsir etməyə yönələn uğursuz cəhddir”. 

Sarkisyanın absurd ittihamını “Şərq”ə təhlil edən millət vəkili, siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu xatırladıb ki, Ermənistanda aprel döyüşlərini araşdıran istintaq komissiyası öz fəaliyyətini davam etdirir. Deputat bildirib ki, istintaqa cəlb olunanlar arasında Serj Sarkisyan da var:

“Sabiq prezidentin məsələni gündəmdə saxlaması onunla bağlıdır ki, Ermənistan ictimaiyyətində aprel döyüşləri ilə bağlı cavabsız suallar qalmaqdadır. Yaxşı xatırlayırıq ki, 2016-cı ilin aprel döyüşlərindən sonra nə Sarkisyan, nə də onun komandasının hər hansı üzvü məğlubiyyəti boyunlarına almırdılar. Hətta döyüşlərdə həlak olanlar uzun müddət erməni ictimaiyyətindən gizli saxlanılmışdı.

Ancaq bir zaman sonra itkiləri gizlətmək mümkün olmadı və bəlli oldu ki, işğalçı Ermənistan xeyli sayda həm canlı qüvvə, həm də texnika itirib. İndi Sarkisyan öz ifadələri ilə aprel döyüşlərində məğlub olduqlarını etiraf edir. Məhz bu məğlubiyyətlə bağlı Sarkisyana ünvanlanmış çoxsaylı suallar var. O, suallara özünə sərf etdiyi kimi cavab verərək “günahsızlığını” nümayiş etməyə çalışır. Çıxışında deyir ki, aprel döyüşlərindən sonra onların hamısı kədərli imiş. Bu cümlə də Ermənistanın ağır məğlubiyyətə uğradığına dəlalət edir”.  

Parlament üzvü vurğulayıb ki, Sarkisyan özünün məsuliyyət payını azaltmaq naminə Azərbaycana xarici dövlətlərin dəstək verdiyi yalanı ortaya atır:

“Əlbəttə, onun sözləri həqiqətə söykənməyən absurd ifadələrdir. Əgər belə bir fakt olmuş olsaydı, həm erməni mediasında, həm də dünya mətbuatında gündəmə çevrilərdi. Deməli, belə fakt olmayıb. Ermənistan cəmiyyəti aydın dərk edir ki, Azərbaycan ordusu ilə erməni silahlılarını müqayisə etmək mümkün deyil. Silahlı Qüvvələrimiz düşmən ordusundan qat-qat güclüdür. Ona görə də zəif Ermənistan üzərində üstünlük əldə etmək üçün Azərbaycana hər hansı ölkənin hərbi dəstəyi lazım deyil.

Əgər hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsinə yaxındırsa, ordumuz ən müasir silah-sursatla təchiz olunubsa, o zaman niyə başqa dövlətin hərbi dəstəyinə ehtiyac duymalıyıq? Açıq-aydın görünür ki, Sarkisyan öz üzərindəki məsuliyyət yükünü mümkün qədər azaltmağa səy göstərir. Bilir ki, gec-tez aprel döyüşlərindəki məğlubiyyətə görə cavab verməli olacaq.
Öz canının qeydinə qalan sabiq prezident məsələnin ona ünvanlanmış suallarla bitməyəcəyinin fərqindədir”.