Qarabağ qazisinə yardım əli uzandı:"Sağalması üçün...”

Asəf  Əliyev: “Veteran döyüşçünün sağlamlığı üçün bütün imkanlarımızı səfərbər etməyə hazırıq”

“Müraciət etsə, onu yoxlatdırar, vəziyyətin nə yerdə olduğunu öyrənər və sağlamlığına qovuşmasından ötrü əlimizdən gələni edərik”


Qarabağ qazisi Bəybala Quliyevin vəziyyəti ağırdır. 1992-1997-ci illərdə Ağdam torpaqları uğrunda vuruşaraq sağlamlığını itirən qazi leykoz xəstəsidir.
O, ilik çatışmazlığından əziyyət çəkir. Bəybala Quliyevə ilik köçürülməsindən ötrü 68 min dollar lazımdır. Qazi bu barədə ictimaiyyətə müraciət edib.
Onun Allahın, dövlətin və imkanlı adamların köməyinə ehtiyacı var.

Bəybala Quliyevin ağır durumu barədə “Sherg.az”a münasibət bildirən “Qarabağ qaziləri” İctimai Birliyinin sədri Asəf  Əliyev vurğulayıb ki, o, veteran döyüşçünün sağlamlığı üçün bütün imkanlarını səfərbər etməyə hazırdır: 

“Biz ictimai birliyə müraciət edən bütün qazilərin, veteranların, hətta onların ailə üzvlərinin dövlət xəstəxanalarında pulsuz müalicəsini təşkil edirik. Bu, Qarabağ Əlillər Cəmiyyətinin dövründən formalaşan bir ənənədir. Hətta bir vaxtlar prezidentin fərmanı ilə müalicəsi ölkədə mümkün olmayan döyüşçülərin xaricə göndərilməsinə pul ayırılırdı. Düzdür, sonradan bu məsələ ləğv edildi.

Amma biz yenə də heç birinə fərq qoymadan bütün qazilərə yardım göstəririk.

Hər gün 1-2 veteran müalicə məqsədilə ictimai birliyə müraciət edir və onların problemləri ilə müavinimiz maraqlanır. Bəybala bəy vəziyyəti ilə bağlı bizə heç nə deməyib.

Əgər müraciət etsə, onu yoxlatdırar, vəziyyətin nə yerdə olduğunu öyrənər və sağlamlığına qovuşmasından ötü əlimizdən gələni edərik”.