Əfv Komissiyasının yeni tərkibi bəyənilir: “...Cəmiyyətin maraqları təmsil olunub”


Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının tərkibinə yeni üzvlər daxil edilib.
 Prezident İlham Əliyevin imzaladığı sərəncamla yeni tərkibdə Samir Nuriyev (Komissiyanın sədri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri), Gündüz Kərimov (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi), Zahid Oruc (Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin sədri), Fazil Mustafa (Milli Məclisin deputatı, Mədəniyyət komitəsi sədrinin müavini), Sədaqət Vəliyeva (Milli Məclisin deputatı), Bəyimxanım Verdiyeva (“Xan Şuşinski” Fondunun rəhbəri), Mehriban Vəliyeva (Akademik Zərifə Əliyeva adına liseyin direktoru) yer alıb.

 

Bu barədə fikirlərini “Sherg.az”la bölüşən hüquq müdafiəçisi Əliməmməd Nuriyev yeni üzvlərin dövlət başçısının etimadını qoruyacaqlarına inamını ifadə edib: 

“Əlbəttə, sözügedən sərəncam hər şeydən əvvəl etimad nümunəsidir. Çünki söhbət insan taleyindən gedir. Bir tərəfdə humanizm və mərhəmət, digər yandan isə məsuliyyət var.

Eyni zamanda nəzərə almaq lazımdır ki, bu komissiya Prezidentin əfv hüququnun təşkilini həyata keçirdiyinə görə, çox vacib bir qurumdur.

Əlbəttə, bütün tərəflər arasında balanslaşdırılmış addım atmaq, ortaq məxrəc tapmaq komissiyanın əsas vəzifəsi olmalıdır. Yeni təyin olunan üzvlər kifayət qədər peşəkar və nüfuzludurlar.

Deməli, komissiyada cəmiyyətin maraqları təmsil olunub. Ən əsas məsələ isə inkluzivliyin yaradılmasıdır.

Hər halda sərəncamın nə qədər düzgün olduğunu zaman göstərəcək. Komissiyanın yeni üzvlərinin etimadı doğruldacaqlarına ümid edirəm”.