“Şəxsi gigiyena qaydaları” fənni tədris olunsun !” – Təklif dəstəkləndi 

“Bu, zamanın tələbidir. Ümumiyyətlə, indi sağlamlıq pedaqogikanın prioritet istiqamətlərindəndir”


“Şəxsi gigiyena qaydalarına əməl etmək zəruridir. Hətta mən təklif edərdim ki, ibtidai sinif şagirdlərinə “Şəxsi gigiyena qaydaları” fənni tədris olunsun. Çünki vərdiş uşaq yaşlarından yaranır”.

Bunu “Yoluxucu xəstəliklərlə mübarizə” İctimai Birliyinin sədri Fikrət Sadıqov infeksion xəstəliklərdən, o cümlədən yeni növ koronavirus olan COVİD-19-dan qorunmaq barədə danışarkən deyib. Onun sözlərinə görə, orta məktəblərdə belə bir fənnin tədrisi lazımi effekt verəcək.

Təşəbbüsə münasibət bildirən təhsil eksperti Nabatəli Qulamoğlu “Sherg.az”a açıqlamasında söyləyib ki, əslində “Həyat bilgisi”, “Biologiya” kimi fənlərin tərkibində bu mövzuya müəyyən qədər toxunulur. Amma ayrıca fənnin tədris proqramına salınması da mümkündür:

“Bu, zamanın tələbidir. Ümumiyyətlə, indi sağlamlıq pedaqogikanın prioritet istiqamətlərindəndir. Ancaq əsas məsələ tədris yox, öyrədilənlərin şagirdlərin şüuruna yeridilməsidir.

Məsələn məktəblərdə yolun sağı ilə hərəkət etmək lazım olduğu deyilir. Küçədə isə bunun əksini görürük-insanların yarıdan çoxu yolun solu ilə gəzir. Dediyim kimi, təklifi dəstəkləyirəm.

Bəlkə, şagirdlərin dərs yükünün çoxluğuna görə bu fənn gələcəkdə lazım olmaya bilər. Fəqət, məncə, sağlamlıq məsələləri heç vaxt yük kimi qəbul edilməməlidir”.