“Dövlət şəhid ailələri və qaziləri unutmur”

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 2020-ci ilin yekunlarına həsr olumuş müşavirədə Milli qəhrəmanlarımızın təqaüdlərindən danışıb. Nazir qeyd edib ki, onların təqaüdü artırılaraq 1800 manata çatdırılıb.
O, həmçinin İkinci Qarabağ müharibəsində iştirak edən və ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş işlərin 7 min şəxsi əhatə etdiyini söyləyib. Nazir bildirib ki, 2300 şəxsə sosial ödənişlər təyin olunub. 2000 şəhid və müharibə iştirakçısının ailəsi özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib.

Bütün bunlar onu göstərir ki, dövlət həm şəhid ailələrindən, həm də qazilərdən diqqətini, qayğısını əsirgəmir. 
  
Məsələ barədə “Sherg.az”a danışan Qarabağ qazisi Natiq Mehdiyev də dövlətin  qaziləri və şəhid ailələrini unutmadığını vurğulayıb:

“Lakin şəhid ailələri və qazilərdə narazılıq yaradan məmurlar var. Onlar şəhid ailəsinin, qazinin probleminə laqeyd yanaşır. Əslində vicdanla, şərəflə  işlərini icra etsələr, problemlər həllini tapar. Lakin bəzi məmurlar qazi və şəhid ailələrinin ehtiyacları ilə maraqlanmırlar. Nəticədə sosial şəbəkələrdə bu nöqsanlar gündəmə gəlir.

Bu, həmin məmurların günahıdır. Daim bizə qayğı göstərdiyi üçün dövlət başçımıza təşəkkürlərimi bildirirəm. Tanıdığım qazilərin, şəhid ailələrinin adından minnətdarlığımı çatdırıram. Və bəzi dövlət məmurlarına  səslənirəm. Siz də hökümətimizin məmurusunuz, bu torpağın nümayəndəsisiniz.

O şəhid ailələrinə, qazilərə biganə yanaşmayın. Onların oğulları, qardaşları torpaq uğrunda can veriblər.  Hamısı bizim üçün, bu torpaqda firavan yaşayaq deyə canlarından keçiblər.

Şəhid ailələrinə diqqət göstərək. Hamımız onların qulluğunda durmalıyıq. Hər biri bizim doğmamız, əzizimizdir”.