Daşaltında yaralanan əsgər: “Qarabağın mərkəzində…” 

Xalq şairi Məmməd Arazın “Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı” fikirləri İkinci Qarabağ müharibəsinə çox uyğundur. 44 günlük döyüşlərdə vətənin mərd oğulları sinələrini torpaq uğrunda sipər etdilər və bununla da vətəndaşlıq borclarını yerinə yetirdilər. 
Həmin igidlərin hər birinin adı bu gün dillərdə dollaşır- şəhidlərin də, qazilərin də. Minlərcə mərd döyüşçümüzdən biri də 1995-ci il mayın 23-də Neftçala rayonunda anadan olan İbrahim Abdullayevdir.

Savaşda könüllü iştirak edən bu vətən oğlu daha ətraflı “Sherg.az”a danışıb: 

“2014-cü ildə həqiqi hərbi xidmətdə olmuşam.



 Mən həm də Aprel döyüşlərinin iştirakçısıyam. Bu dəfəki hərbi əməliyyatlarda könüllü iştirak edirdim. 
Hadrut, Füzuli, Qubadlı və Xocavəd istiqamətində döyüşürdün. 

Noyabrın 3-də Daşaltı əməliyyatı zamanı sol qol və sol ayağımdan yaralandım. İki güllə yarası aldım. 
Ayın 8-də Mərkəzi Hərbi Klinik Hospitalda əməliyyat olundum. Ayağıma aparat qoşuldu.



Hazırda ev şəraitində müalicəmi davam etdirirəm. Əslində danışılası çox şey var, amma bilirəm ki, açıqlanması lazım olmayan məqamlar da az deyil. 
İnşallah, bütün məsələlər həllini tapandan sonra  digər qazi yoldaşlarımla birlikdə ictimaiyyətə ətraflı açıqlama verərik. Özü də Qarabağın mərkəzində…”.