Bütün asılılıqlar zərərlidir

Bəzi mobil oyunlar yaddaşı gücləndirir, məntiqimizi işə salır

"Amma elə oyun növləri də var ki, insanlarda aqressiya yaradır"


Yeni dövr bir-birindən fərqli funksiyaları olan  texnologiyaları özündə ehtiva edir. Bu texnologiyalardan biri də bizə nəfəs qədər yaxın olan mobil cihazlarımızdır. Hər kəsin əlində müasir tələblərə cavab verən ən azı bir ədəd smartfon var. Hər bir şəxs bu cihazlardan  müxtəlif məqsədlər üçün istifadə edir. Kimisi iş, kimisi də başını qatıb zaman keçirmək üçün əyləncə vasitəsi olaraq mobil telefonlardan yararlanır. 

Demək olar ki, hər gün internetdə müxtəlif mobil oyunların reklamları ilə rastlaşırıq. Uşaqlı-böyüklü hamı reklamda gördüyü oyunları telefona yükləyib oynamağa başlayır. Həmin oyunlar bizə müəyyən təsir bağışlayır. Bunlara misal olaraq bir ara çox dəbdə olan "WOW" (Words Of Wonders) söz oyunu, daha sonra "Candy Crush" adlanan pazl oyunları və s.  göstərmək olar. Beynimizi hərəkətləndirmək üçün belə düşündürücü oyunların bizə bəzən faydası ola bilər. Lakin elə oyunlar da var ki, onların vasitəsilə insanlara, xüsusilə də azyaşlılara şiddət, zorakılıq kimi mənfi instinktlər aşılanır. Bunlardan biri və ən məhşuru "Pubg Mobile" oyunudur. Bu oyun daha çox gənclər və yeniyetmələr arasında dəbdədir. 

İnsanlar bəzən android oyunlara o qədər vaxt sərf edir ki, bir müddət keçəndən sonra bu şəxslərdə oyuna qarşı asılılıq halları yaranır.  Həmin oyunları oynadıqca həvəsləri artır və təkrar-təkrar oynamaq istəyirlər. 

Tanınmış psixoloq Fərqanə Mehmanqızı "Şərq"ə deyib ki, növündən, mənfi və müsbət cəhətlərindən asılı olmayaraq bütün oyunlar aludəçilik yaradır:

"Mobil oyunlar müxtəlif olduğu kimi onların bizə bağışladığı təsirlər də bir-birindən fərqlənir.  Bizə təsir edən müsbət və mənfi cəhətləri birbaşa oyunların növündən asılıdır. Bəzi oyunlar yaddaşı gücləndirir, məntiqimizi işə salır. Bunlar beyin gimnastikası üçün xeyirlidir. Amma elə oyun növləri də var ki, insanlarda aqressiya yaradır.

Bu aqressiya da insan psixologiyasına elə təsir göstərir ki,insan uduzmaqdan qorxur. Uduzmaq istəmədiyi üçün də oyunu oynayan şəxs hər an qalibiyyətə can atır.

Bunun üçün də oyun durmadan davam edir. Nəticədə aludəçilik meydana gəlir. Həmin oyunlarda istifadəçi uduzmasın deyə  ona birdən çox şans verilir. Məhz bu hal da gələcəkdə şəxsiyyətin formalaşmasında müəyyən problemlərə yol açır.  Real həyatda məğlubiyyəti qəbul etməmək, hər hansı bir riskə gedə bilməmək kimi iradə zəifliyi yaradan mənfi təsirləri sözügedən problemlərə misal çəkmək olar".

F.Mehmanqızı fikirlərinə əlavə olaraq deyib ki, uşaqların zövqünə kiçik yaşlarından etibarən nəzarət etmək lazımdır:

"Bizim milli oyunlarımız şahmat, domino və s. oyunların da mobil versiyası var. Bu oyunlar düşündürücü xarakter daşıyır.  Valideynlərin əksəriyyəti bəzən uşaqların adıçəkilən oyunlardan qaçdığını bəhanə edirlər. Lakin bu doğru deyil. Uşaqlara bu oyunların məğzini məntiqli bir şəkildə başa salmaq lazımdır. Balacaların zövqünü, həyata baxışını, dünya görüşünü korreksiya etmək olduqca vacibdir". 

Aytac Ali