Rəşad Nəbiyev yeni müşavir təyin etdi - FOTO

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələr üzrə müşavir təyinatı olub.

Oxu.Az xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə Bayramov Rəşad Bayram oğlu təyin olunub. 

O, KİV-lə kommunikasiya və ictimaiyyətlə əlaqələrin effektiv qurulması üzrə funksiyaları yerinə yetirəcək.

R.Bayramov əmək fəaliyyətinə 2001-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) KİV-lə əlaqələr və siyasi məsələlər üzrə köməkçi vəzifəsində başlayıb.

2004-cü ildən fəaliyyətini BP şirkətində davam etdirən R.Bayramov müxtəlif vəzifələrdə işləyib. 2011 - 2018-ci illərdə BP şirkətinin Xarici işlər şöbəsinin müdiri, 2018 - 2021-ci illərdə isə Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə transformasiya və modernləşdirmə şöbəsinin müdiri vəzifəsində çalışıb.