Elçin Quliyev: “Sağ olun ki, Azər kimi qəhrəman oğul böyütmüsünüz!”

Novruz yeni il, yeni gün, yeni həyatın başlanğıcı deməkdir. Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev yeni ilinə, gününə, iş həftəsinə Vətənimizin şərəf kitabəsində yeni səhifə açan Vətən müharibəsi qəhrəmanı Azər Nazim oğlu Yusiflinin məzarını ziyarətlə başlayıb. Şəhid Azər Yusiflinin məzarı doğulduğu kənddə - Ağstafa rayonunun Böyük kəsik kəndindədir. Səhərin sübh çağı 8 radələrində Elçin Quliyevin Dövlət Sərhəd Xidmətinin heyəti ilə birlikdə bu ziyarəti həyata keçirməsi, yeni günə başlamaq üçün belə bir müqəddəs ünvanı seçməsi olduqca həssas və təqdirəlayiq addım, eyni zamanda milli qürur hissimizi bizə qaytaran, alnımızın ləkəsini silən, vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında böyük ehtiram və sayğıdır. 

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkat Dəstəsinin xüsusi təyinatlısı olan şəhid baş gizir Azər Yusiflinin məzarı qarşısında təzim edən Elçin Quliyev daha sonra şəhidin atası Nazim Yusifli ilə görüşüb. “Sağ olun ki, belə qəhrəman övlad yetişdirmisiniz. Azər keyfiyyətdə bir oğul böyütdüyünüz üçün Sizin kimi Atanın qarşısında baş əyirəm.

Azər vətənimizin ərazi bütövlüyü uğrunda son nəfəsinə qədər böyük qəhrəmanlıq göstərdi. Füzuli rayonunun, Cəbrayıl rayonunun, Zəngilan rayonunun işğaldan azad olunmasında, eləcə də ən çətin döyüş əməliyyatlarından olan Sultanbəyli əməliyyatında, Arazboyu Xudafərin körpüsü əməliyyatında, Zəngilana olan əks-hücumun qarşısının alınmasında və xeyli sayda yüksəkliklərin azad edilməsində Azərin müstəsna xidmətləri olmuşdur.

Mən Azəri hələ işlədiyi müddətdə hərbi döyüş hazırlığında yüksək xidmətlərinə görə  fərqləndirmiş və fəxri fərmanlarla, müxtəlif medallarla mükafatlandırmışdım.  Bu gün isə Azəri bütün Azərbaycan tanıyır, onunla fəxr edir.

Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə  Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman yüksək igidlik və mərdlik nümayiş etdirməsinə görə  Azərə ölümündən sonra "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, həmçinin cənab prezidentin müvafiq sərənacamına əsasən “Vətən uğrunda” medalı və Cəbrayılı 27 illik işğaldan azad edən ən çətin döyüş əməliyyatında göstərdiyi rəşadətlərə görə “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Azərin adının bundan sonra böyük bir nəsil, el-oba və bütövlükdə Azərbaycan üçün qürur yeri olduğunu qeyd edən Elçin Quliyev “Belə Oğul yetişdirdiyi üçün Anasının qarşısında ehtiramla baş əyirəm!” söyləyib.  Daha sonra Şəhidin məzarı önünə tər qərənfillər düzülüb, ruhuna dualar oxunub. Allah rəhmət eləsin!

Xəyalə ZƏRRABQIZI