Təkcə Türkiyədən danışmayaq

Azərbaycandakı FETÖ-çülər də bəzi məmurların çətiri altında gizlənir


 “Yaxınlarda FETÖ terror təşkilatından çox önəmli bir ismin adını açıqlayacağıq. Hazırda əlimizdədir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 May Atatürkü anma, Gənclik və İdman bayramı ilə əlaqədar gənclərlə görüşündə deyib. Ərdoğan vurğulayıb ki, Ankara hökuməti nəyi nə zaman edəcəyini çox yaxşı bilir: “Biz dövlət olaraq hədəflərimizin fərqindəyik və onları nə vatx reallaşdıracağımızı bilirik. Təsadüfi siyasət yeritmirik. FETÖ ilə əlaqəsi olan şəxsin kimliyi, hansı durumda olması və dindirilməsi barədə ətraflı məlumat veriləcək”. Türkiyə hökuməti FETÖ-yə qarşı əməliyyatları fasiləsiz davam etdirir.

Düzdür, bəzən elə görüntü yaranır ki, sanki terrorçu təşkilatla bağlı istintaq səngiyib. Amma Ərdoğanın məlum açıqlamasından görünür ki, terrorçu şəbəkəyə qarşı sonadək mübarizə aparılmaqdadır. Nəzərə alaq ki, bu şəbəkə uzun illər təşkilati şəkildə dövlətə qarşı fəaliyyətdə olub. Ona görə də şəbəkənin aşkarlanıb ortaya çıxarılması Türkiyənin gələcək təhlükəsizliyi üçün çox lazımdır.

FETÖ ilə bağlı iki kitabın müəllifi, “Yeni çağ” Media Holdinqin rəhbəri Aqil Ələsgər “Şərq”ə bildirib ki, bu şəbəkənin yaratdığı təhlükə davam etməkdədir. Baş redaktorun sözlərinə görə, Türkiyə öz “bağırsaqlarını” tam təmizləyə bilməyib: “Bunun obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb ondan ibarətdir ki, FETÖ fəaliyyətini açıq yürüdən təşkilat deyil.

Daha çox gizli-casus şəbəkəsi kimi işləyir. Casus şəbəkəsinin üzvlərinin hamısını birdən tutmaq, qısa zamanda ifşa etmək mümkün deyil. Digər səbəb isə odur ki, zamanında AKP-nin rəhbər şəxsləri ilə FETÖ üzvlərinin qohumluq əlaqələri var idi. Ona görə də bəzi terrorçular müxtəlif bəhanələrlə həbsdən yaxa qurtara bildi.

Təəssüf ki, Ərdoğanın terrorçu şəbəkə ilə mübarizəsi qətiyyətli olduğu halda partiyada təmsil olunan bir sıra şəxslər terror şəbəkəsinin üzvlərini qorudu. Məhz bu əlaqədən dolayı FETÖ-çülər xarici ölkələrə qaça bildilər”.

A.Ələsgərin fikrincə, bu şəbəkə casusluqla məşğul olduğu Türkiyəyə qarşı olan istənilən xüsusi xidmət orqanları onlarla əməkdaşlıq edir: “Belə şəbəkənin qısa zamanda çökdürülməsi imkansızdır. Biz Türkiyəni daha çox müzakirə edirik, amma Azərbaycanda da məlum terror şəbəkəsinin təhlükəsi mövcuddur. Burdakı FETÖ-çülər bəzi məmurlarımızın çətiri altında gizlənir. Bu təhlükə qardaş ölkə ilə yanaşı, Azərbaycanda da aktuallığını qoruyur”.