"Azərbaycan İranla sərhəddə dostluq sərhədi kimi yanaşır" 

"Biz də Tehran hökumətindən adekvat münasibət gözləmişik"


Prezident İlham Əliyev Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. Dövlət başçısı nazirlə söhbətində ikitərəfli münasibətlərdən danışıb və bəyan edib ki, İran və Azərbaycan iki qardaş ölkə olaraq səylərini əlaqələndirməlidir. Ölkə rəhbəri vurğulayıb ki, Prezident Ruhani və onun tərəfindən irəli sürülmüş bütün təşəbbüslər, qəbul olunmuş qərarlar həyata keçirilib: “Prezident Ruhaninin prezidentliyi dövründə əməkdaşlığın səviyyəsindən çox razıyıq. Bütün sahələrdə həqiqətən də böyük irəliləyişə nail olmuşuq. Düşünürəm ki, hazırda ölkələrimiz arasında əlaqələr bəlkə də əməkdaşlığımızın tarixində ən yüksək səviyyədədir”. 

Prezident əlavə edib ki, regionda yeni vəziyyətin - münaqişədən sonrakı vəziyyətin yaranması ilə əlaqədar yeni imkanlar, yeni çağırışlar var:

“İran və Azərbaycan iki qardaş ölkə olaraq regionda bütün bölgə ölkələrinin xeyrinə uzunmüddətli və dayanıqlı sülh şəraitində inkişafa töhfə verməlidir. Əminəm ki, İran hökuməti də eyni yanaşmanı paylaşır. Çünki münaqişə həll ediləndən sonra keçən dövrdə bizim çoxsaylı təmaslarımız olub”. 

Sirr deyil ki, zaman-zaman İranla bağlı neqativ proseslərin, narazılıq doğuran bəzi məqamların şahidi oluruq. Bir sıra hallarda rəsmi Tehranın Qarabağ məsələsində sərgilədiyi yanaşma bizi qəne etmir. Lakin İran tərəfi bütün rəsmi bəyanatlarında dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və hərtərəfli əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb. Əslində ikili əməkdaşlığın inkişafı, ələlxüsus regional əlaqələrin bərpası Azərbaycanla yanaşı, İran üçün də olduqca perspektivlidir. Bu mənada dövlət başçısının diqqət yönəltdiyi kimi cənub qonşumuzla normal əlaqələrin qurulmasında hər iki tərəf maraqlı olmalı, səyləri birləşdirməlidir. 

Azərbaycan-İran əməkdaşlığının səviyyəsini “Şərq”ə dəyərləndirən millət vəkili Ceyhun Məmmədov vurğulayıb ki, rəsmi Bakı hər zaman Tehranla əlaqələrə xüsusi önəm verib. Deputat vurğulayıb ki, Azərbaycan İranla sərhəddə dostluq sərhədi kimi yanaşır:

“İranla əməkdaşlığın inkişafını daim önəmsəmişik. Təbii olaraq, İrandan da Azərbaycana adekvat münasibət gözləmişik. Tehran hökuməti Azərbaycanın mövqeyini nəzərə almalıdır. Ümumən, iki ölkə arasında ticarət dövriyyəsi yüksək səviyyədədir.

Xüsusən, Prezident Həsən Ruhaninin dövründə əməkdaşlıq inkişaf edib. Əlaqələrin miqyasını genişləndirmək üçün qarşımızda yeni imkanlar var və bunlar dəyərləndirilməlidir. Yaxşı olar ki, Azərbaycan kimi İran tərəfi də əlaqələrin qorunmasında və inkişafında maraqlı olsun.

Tarix boyu birgə yaşadığımız cənub qonşumuzla əməkdaşlığın genişləndirilməsi həm də regionda sülhə və əminamanlığın inkişafına töhfə verəcək”.