Bakıda ermənilərin məhkəməsi bir testdir, imtahandır

"Erməni terrorçularının məhkəmə proseslərinin dünyaya yayılmasında da Türkiyə mediasının rol alması gözəl nəticə verər"


“Bakıdakı diplomatik korpusu erməni qatillərin məhkəmə prosesinə dəvət etmək, lap zorla da olsa, aparmaq lazımdır”. Bu sözləri tanınmış jurnalist, “Yeni Müsavat”ın əməkdaşı Elşad Paşasoy fesybuk profilində yazıb. Jurnalist bildirib ki, xüsusilə də erməni vandallarının Qarabağda törətdiyi genosidi görmək istəmədiyi üçün azad olunmuş ərazilərə səfərlərdən yayınan diplomatları aparmalıyıq:

“Gəlsinlər, yazsınlar, paytaxtlarına raport versinlər. Qurtarsınlar bu erməni oyunbazlığını! Əgər biz erməni terrorçularının Bakıdakı məhkəməsindəki faktları beynəlxalq aləmə çatdırsaq, erməniləri yerli-yersiz himayə edən dairələri fakt qarşısında qoya bilsək, o halda Avropa İnsan Haqları Məhkəməsində də işimiz daha asan və rahat olacaq. Bakıdakı tribunal həm də bir testdir, nəbz yoxlanışıdır, imtahandır. Ona görə də məhkəmədə açıqlanan hər bir cinayət faktı dünya dillərində yayılmalı, xarici mediaya ötürülməlidir. Beynəlxalq qurumların və aparıcı dövlətlərin əlaqədar qurumlarına göndərilməlidir. Əks halda, Serj Sarkisyanın BMT, AŞ PA tribunasından “fəxr edirəm ki, Şuşanın alınmasında iştirak etmişəm” bəyanatına susan, onun “Xocalıya qədər azərbaycanlılar bizim zarafat etdiklərimizi zənn edirdilər” etirafına məhəl qoymayan dünya bu dəfə də Azərbaycana dəymiş mənəvi və maddi zərərə biganə olacaq”.

E.Paşasoy vurğulayıb ki, Azərbaycan ərazisinə qanunsuz səfərlər edən bloger Lapşinin iddiasını təmin edən və dövlətimizi “borclu” çıxaran Avropa Məhkəməsindən nə desən, gözləmək olar:

“Odur ki, işimizi möhkəm tutmalıyıq. Heç şübhəsiz, bu istiqamətdə Türkiyə ilə birgə hərəkət etmək olduqca vacibdir. 44 günlük savaşda olduğu kimi, erməni terrorçularının məhkəmə proseslərinin dünyaya yayılmasında da Türkiyə mediasının rol alması gözəl nəticə verər. Qardaş ölkəyə qarşı saxta “soyqırım” iddialarından əl çəkməyənləri birdəfəlik cəhənnəmin dibinə göndərmək üçün hüquq meydanında da birliyə böyük ehtiyac var. Savaş başlayıbsa, onu bütün müstəvilərdə zəfərlə bitirmək lazımdır”.