Paris etibarsızdır

Fransa Qarabağda sülhyaratma prosesində iştirak edə bilməz

"Seçkidən sonra tamamilə fərqli Rusiya görəcəyik. Xüsusən, ABŞ və Fransanın prosesə müdaxiləsinə, Ermənistanla yaxınlaşmasına daha aqressiv münasibətin şahidi olacağıq"

“Ermənistan Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyanın seçki öncəsi Fransaya səfər etməsi təsadüfi deyil. Paşinyanın Fransada söylədiyi ifadələr də səfərin məqsədyönlü olduğundan xəbər verirdi”. Bu sözləri “Şərq”ə açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib. Analitik bildirib ki, Paşinyan seçkilərdə Fransa rəhbərinin dəstəyini almaqda maraqlıdır: “Bu dəstək həm seçki prosesində, həm də sərhəddə yaşanan gərginliklərlə əlaqəlidir. Amma Makronun özünün də xüsusi aktivliyi göz önündədir.

Onun Azərbaycan dövlət başçısına ünvanladığı təbrik məktubu da bu “fəallığın” tərkib hissəsidir. Məktubun məzmunundan da görünürdü ki, burada təbrikdən daha çox erməni maraqlarının dilə gətirilməsi var. Azərbaycanda “hərbi əsir” olmamasına və bunun dəfələrlə ifadə edilməsinə baxmayaraq, Makron yenə də diversantları “hərbi əsir” adlandırdı.

Digər yandan isə Qarabağda mədəni irsin qorunmasından “narahatlığını” bildirdi. Əslində Fransa rəhbərinin məsələlərə bu cür baxışı rəsmi Bakıya ciddi hörmətsizlikdir. Çünki Qarabağdakı bütün mədəni irs nümunələri Azərbaycan xalqına məxsusdur. İşğaldan azad olunmuş ərazilərimizdə bütün tarixi-mədəni abidələr məhz erməni vandalları tərəfindən yerlə-yeksan edilib. Makron bir dəfə olsun, tövləyə çevrilmiş, içərisində donuz saxlanılmış məscidlərlə bağlı narahatlığını ifadə etməyib”. 

Analitik bildirib ki, Fransanın Minsk qrupunun həmsədri kimi fəallığı və Azərbaycana təklif etdiyi dialoq missiyası tamamilə absurddur: “Makronun irəli sürdüyü təşəbbüslər Azərbaycan maraqları ilə ziddiyyət təşkil edir. İndiki halda ABŞ və Fransanın Qarabağa müdaxiləsi, xüsusən də sülhməramlı kimi bölgəyə yerləşməsi məqsədəuyğun deyil.

Şimal qonşumuzun niyyətinə və aqressiv yanaşmasına yaxından bələdik. Amma Amerika ilə bunu demək qeyri-mümkündür. ABŞ-ın regiona yerləşməsi İran və Yaxın Şərq planları çərçivəsində hərəkət etməsi ilə nəticələnəcək. Bu da Cənubi Qafqazdakı sabitliyin pozulmasına gətirib çıxaracaq. Fransa isə tamamilə etibarsızdır. Rəsmi Paris müharibə dönəmində və sonrakı günlərdə atdığı addımlarla bunu isbat etdi. Erməni lobbisinin dəstəyi ilə hakimiyyətə gəlmiş və açıq şəkildə İrəvan hökumətinə dəstək verən Makron hansısa sülhyaratma prosesində iştirak edə bilməz. Fransanın müdaxiləsi Ermənistanda işğalçılıq siyasətinin yenidən güclənməsi anlamına gəlir”. 

T.Rzayevin qənaətinə görə, Rusiyanın Qərb ölkələrinin Qarabağdakı proseslərə müdaxilə cəhdinə səssiz qalmasının səbəbləri var:

“Rusiya niyə Minsk qrupunun, xüsusən Fransanın müdaxiləsinə sərt reaksiya vermir? Moskva indiki halda mümkün qədər ehtiyatlı davranmağa çalışır. Paşinyanın qərbyönlü olması Kremli təmkinli olmağa vadar edir. Rusiya parlament seçkisi öncəsi hansısa addımı ilə Ermənistandakı anti-rus qüvvələrin baş qaldırmasına imkan yaratmaq istəmir. Kremlin sərt müdaxiləsi Ermənistan parlamentində daha çox qərbyönümlü siyasi qüvvələrin yer almasına və Avropanın “hücumuna” gətirib çıxarar.

Bu isə Paşinyanın da arzuladığı kimi İrəvan hökumətinin Rusiyanın təsirindən uzaqlaşması ilə nəticələnər. Bu səbəbdən Moskvanın reaksiyaları nisbətən yumşaqdır və Minsk qrupuna “yaşıl işıq” yandırılır. Reallıqda isə Rusiya ABŞ və Fransanın regionda fəallaşmasını istəmir. Kreml fərqindədir ki, Amerika və Fransanın “sülhməramlı” adı ilə regiona nüfuz etməsi Rusiyanın yaxın tərəfdarları olan İrana və Yaxın Şərqdəki maraqlarına ciddi problemlər yaradacaq. Bu, həm də Cənubi Qafqazda tədricən Rusiyanın təsirinin azalmasına səbəb olar. Gürcüstan Rusiyanın təsirindən çıxıb. Ermənistanın da bənzər şəkildə itirilməsi Moskvanın regiondan faktiki kənarlaşması deməkdir. Fransa ilə nisbətən ehtiyatlı davranmasının əsas səbəbi Paris-İrəvan münasibətləri ilə bağlıdır”. 

Həmsöhbətimizin fikrincə, Rusiya Azərbaycanla Ermənistan arasında balans siyasətinə üstünlük verir:

“İrəvana daha çox dəstək verilməsinin arxasında qarşıdan gələn parlament seçkisi dayanır. Seçkidən sonra tamamilə fərqli Rusiya görəcəyik. Xüsusən, ABŞ və Fransanın prosesə müdaxiləsinə, Ermənistanla yaxınlaşmasına daha aqressiv münasibətin şahidi olacağıq. Yəni Rusiya zənn edildiyi kimi gücsüz deyil, sadəcə, mövcud şəraiti nəzərə alaraq ehtiyatlı davranır”.