Laçın dəhlizi dərhal bağlanmalıdır

Düşməndən xəritə, humanist davranış gözləmək yersizdir

"Azərbaycan öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini konkret və radikal addımlarla təmin etməlidir"


Dörd gün öncə ikisi jurnalist və biri dövlət qurumu əməkdaşı olmaqla, üç vətəndaşımız işğaldan azad olunmuş Kəlbəcər rayonunda erməni terrorçuları tərəfindən basdırılmış minaya düşərək şəhid oldular. Şübhəsiz, bu dəhşətli hadisə Ermənistan hərbi-siyasi rəhbərliyinin Azərbaycan xalqına qarşı növbəti cinayəti və terror əməlidir. Ermənistan bu cür çirkin əməlləri ilə regionda sülhün bərqərar olmasına ciddi əngəllər yaradır. Düşmən daha çox insanın həlak olması üçün hərbi əhəmiyyəti olmayan ərazilərimizi də minalayıb. Məqsəd mülki insanların həlak olması, ağır yaralanmasıdır. Azərbaycanın qələbəsi ilə nəticələnən 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən basdırılmış minalara düşüb və 27 nəfər həlak olub.

Bütün bunlara görə məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfi uzun müddətdir ki, Ermənistanın minalanmış ərazilərinin xəritələrini təqdim etməməsi və bunun acı nəticələr verəcəyi ilə bağlı beynəlxalq ictimaiyyəti məlumatlandırır, bu məsələdə Ermənistana təzyiq göstərməyə çağırır. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət Ermənistanın bu cinayət əməllərinə göz yumur. Bu da erməni tərəfinin növbəti cinayətlər törətməsinə rəvac verir. Bu arada Baş Prokurorluq Kəlbəcərdə jurnalistlərin həlak olduğu hadisə ilə bağlı daha bir məlumat yayıb. Vurğulanıb ki, bəzi kütləvi informasiya vasitələrində və sosial media səhifələrində hadisənin baş verməsi ilə əlaqədar əsassız və dəqiqləşdirilməmiş məlumatlar yayılmaqdadır: “Aparılmış ilkin istintaqla müəyyən edilib ki, hadisənin baş verdiyi əraziyə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarəti tam təmin olunduğundan, işğaldan azad olunduqdan sonra ora düşmən təxribat qruplarının sızması və orada mina basdırması istisna edilir. Erməni qanunsuz silahlı birləşmələri işğal zamanı qeyd edilən yoldan döyüş mövqelərinin təminat yolu kimi istifadə ediblər. Kəlbəcər rayonunu tərk edən zaman isə geri çəkildikləri həmin əraziləri minalayıblar. Cinayət işi üzrə istintaq davam edir, gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcək”. 

Hadisədən sonra əcnəbi siyasətçilər, beynəlxalq qurumlar da minalanmış ərazilərin xəritəsi ilə bağlı Ermənistana müraciət ediblər. Fransalı deputat xanım Frederik Duma bildirib ki, Fransa və beynəlxalq ictimaiyyət Ermənistandan minalanmış ərazilərin xəritəsini verməsini tələb etməlidir:

“İstər Ermənistanda, istərsə də Azərbaycanda mülki şəxslər münaqişə girovu olmamalıdır. Hər iki tərəf beynəlxalq hüquqa əməl etməlidir”. Rusiyalı politoloq, tarix elmləri namizədi Anton Bredixin deyib ki, Yerevanın mina xəritələrini verməsi üçün KTMT-nin potensialından istifadə edilməlidir: “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının potensialından mümkün qədər çox istifadə etmək lazımdır. Yerevan məhz bu təşkilata minalanmış ərazilərin xəritələrini təqdim edəcək”. Alim qeyd edib ki, bu gün Qarabağ bütün Cənubi Qafqaz üçün münasibətlərin yenidən formatlanma nöqtəsidir. Onun sözlərinə görə, orada sülh olacaqsa, bütün bölgədə sülh olacaq, yenidən gərginlik başlayacaqsa, genişmiqyaslı müharibə başlayacaq. Bredixin insanların dinc həyata qayıtmalı olduğunu və bunun üçün yalnız Bakı deyil, Yerevanın da maksimum səy göstərməsini vurğulayıb. Lakin onun sözlərinə görə, azad edilmiş ərazilərdə mina təhlükəsi davam etdikcə, qaçqınlar öz evlərinə dönə bilməyəcəklər. Rusiyalı jurnalist, televiziya aparıcısı və ictimai xadim Maksim Şevçenko bildirib ki, azərbaycanlı jurnalistlərin minaya düşməsi diversiya və terror aktıdır: “Bir halda ki jurnalistlər icazə verilən ərazidə hərəkət edərkən minaya düşüblər, deməli, burada minanın quraşdırılması diversiya və terror aktıdır. Ermənilərin mina xəritələrini verməkdən imtina etməsi biabırçılıqdır. Bu, Azərbaycanın əsas tələblərindən biri olmalıdır”. Ekspertin fikrincə, Qarabağda minalar nizamsız şəkildə quraşdırılıb: “Azərbaycanın şəhər və kəndlərində ermənilərin özlərini necə apardıqlarına, Xirosima kimi yerlə bir edilmiş Ağdamın peyzajına, bir vaxtlar işğal altında olmuş ərazilərdəki xaosa nəzər yetirdikdə bu, aydın görünür. Azərbaycan hərbi cinayətlərin nəticələrinin əks olunduğu beynəlxalq “Ağ kitab” hazırlamalıdır. Məsələn, nasistlərin cinayətlərinin, İraq müharibəsinin nəticələrinin əks olunduğu “Ağ kitab”lar var. Hesab edirəm ki, Qarabağın işğalının nəticələri ilə bağlı da belə bir “Ağ kitab” hazırlanmalıdır”. 

Ağ Partiya sədri Tural Abbaslı “Şərq”ə açıqlamasında vurğulayıb ki, dövlət və millət olaraq başa düşməliyik ki, ermənilər normal danışıqdan, diplomatik dildən, razılaşmadan anlamırlar. Partiya rəhbərinin sözlərinə görə, erməni dövləti, elə xalqın özü də xaraktercə terrorçudur:

“Ermənilər tarix boyu terrora, soyqırıma, kütləvi qətllərə, cinayətlərə meyilli olublar. Biz daha çox hərbçimiz, mülki şəxsimiz həyatını itirməsin, işğaldan azad edilmiş ərazilərdə normal həyat təmin olunsun deyə ermənilərdən minalanmış ərazilərin xəritəsini tələb edirik. Ancaq ermənilər daha çox Azərbaycan vətəndaşının həyatını itirməsində maraqlıdır. Ona görə də düşməndən xəritə gözləmək yersizdir. Ermənilərdən humanist davranış görməyəcəyik. Kilsəyə ziyarət adı ilə gələn erməni keşişlər dini geyimlərin altında mina gizlədir və terrorçuluqla məşğul olurlar”.

T.Abbaslının fikrincə, adekvat addımlar atmağın vaxtıdır:

“Laçın dəhlizi bağlanmalıdır. Xankəndidəki terror yuvası məhv edilməlidir. Ermənistanla düşmənin başa düşdüyü dildə, yəni güc diliylə danışmalıyıq. Azərbaycan öz suverenliyini və vətəndaşlarının təhlükəsizliyini konkret və radikal addımlarla təmin etməlidir. Ermənilərin vicdana gəlməsini, yaxud rusların onların başına ağıl qoymasını gözləyə bilmərik. Əks təqdirdə qurbanlarımız çoxala bilər. Təbii ki, beynəlxalq aləmdə də mübarizəmiz davam etməlidir. Ermənilərin əməlləri, kimliyi, xarakteri barədə təbliğatımız getməlidir. Qarantor ölkə Rusiyanın Ermənistana təzyiq göstərməsinə çalışmalıyıq. Paralel olaraq ordumuz hazır vəziyyətə gətirilməlidir. Tez zamanda anti-terror əməliyyatı keçirərək Xankəndi, Xocalı, Xocavəndi erməni quldurlarından təmizləməliyik. O cümlədən vaxt itirmədən Azərbaycan-Ermənistan sərhədini rəsmi Bakının məqsədəuyğun bildiyi xəritəyə əsasən müəyyən etməliyik. Hətta lazım gələrsə, üçüncü Qarabağ savaşına da hazır olmalıyıq”.