Kitab oğrularını bağışlamaq olardı

Aydın Mirzəzadə gənclərə həyat dərsi keçdi

“İki nəfər gəncin kitab mağazasından hərəsi bir kitab oğurlaması və onların tutulması xəbəri məni də çox narahat etdi”. Bunu millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, istənilən oğurluğun əleyhinədir. Parlament üzvünün sözlərinə görə, “kitab oğurluğu oğurluq deyil” fikri kökündən səhvdir və kitab sahiblərini bir qayda olaraq pis vəziyyətdə qoyur:

“Ancaq bununla belə məsələlərə bir bir qədər fərqli baxmaq lazımdır. İnternet resurslarında satış yerlərinsə kiçik oğurluq edənlər tutulanda mal sahiblərinin onlara necə diqqətlə yanaşdıqları barədə çoxsaylı videofilmlər vardır. Bu kitab mağaza sahibi də onları tapdıraraq həmin kitabları onlara bağışlaya və hətta bir fincan çay ətrafında söhbət etsəydi, tamam başqa bir nəticə əldə etmək olardı. Ən əsası həmin gənclər bir kitaba sığmayan bir həyat dərsi almış olardılar. Həmin gənclərin xərclərini ödəməyə hazıram. Eyni zamanda əgər istəslər onlara şəxsi kitabxanamdan kitab bağışlamağa, istədikləri kitab məndə olmazsa, onlara həmin kitab mağazasından həmin kitabı almağa söz verirəm. İstəsələr yaxınlıqdakı kafedə oturub, bir fincan çay ətrafında kitab və ədəbiyyat barədə söhbət də edə bilərik”.