Orduda kadr islahatları gözlənilən idi

Ədalət Verdiyev: “Əminəm ki, bu təyinatlar ordumuzun gücünə əlavə bir güc qatacaq"


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, ordu quruculuğu bizim üçün ən başlıca və prioritet məsələ olaraq qalmaqdadır. Görülən bütün işlər də məhz bu prioritet məsələnin əhəmiyyəti nəzərə alınaraq həyata keçirilib. Bu səbəbdən də Silahlı Qüvvələrin bütün istiqamətlərini əhatə edən islahatlar dövlətimizin başçısının birbaşa rəhbərliyi və tapşırığına əsasən 2010-cu ildən yüksələn templə davam etdirilib. İslahatların kompleks şəkildə, davamlı həyata keçirilməsi Silahlı Qüvvələrimizi aparıcı dövlətlərin orduları səviyyəsinədək yüksəlməsinə imkan verib. Bildiyimiz kimi, ötən gün Azərbaycan Ordususunda bir sıra yeni kadr islahatları həyata keçirildi. 

Hərbi ekspert Ədalət Verdiyev "Şərq"ə yeni kadr islahatlarının əhəmiyyətindən danışıb. O qeyd edib ki, Azərbaycan Ordusunda kadr islahatlarının keçirilməsi labüd idi:

"Bu, Azərbaycan Silahlı Qüvvələrinin türk və yaxud da NATO modelinə keçidi ilə əlaqədardır. Həmçinin, diqqətə çatdırım ki, bir xeyli müddət idi ki,  Silahlı Qüvvələrdə bir neçə əsas vəzifələr vakant qalırdı.

Odur ki, bu islahatlar gözlənilirdi. Təyinatlara gəlincə, bilirsiniz ki, quru qoşunlarına komandan təyin edildi. Bu isə bir daha Azərbaycanda yeni qoşun növünün yaranması deməkdir.

Bu təyinat özü ilə bərabər, paralel olaraq bir neçə digər təyinatların da həyata keçirilməsini labüd edir. Digər bir təyinat isə Azərbaycan Ordusu Silahlı Qüvvələrinin baş qərargah rəisi vəzifəsinə general leytenant Kərim Vəliyevin təyin olunması idi.

Kərim Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin ən təcrübəli və peşəkar zabitlərindən biridir. Həm Birinci Qarabağ, həm İkinci Qarabağ müharibəsinin iştirakçısıdır.

Bu müharibələr arasında olan bütün döyüş əməliyyatlarında o, birbaşa olaraq yaxından iştirak edib. Kərim Vəliyev xidmət etdiyi kollektivlərdə həm zabitlər, həm də əsgərlər tərəfindən kifayət qədər yüksək hörmətə layiq generallarımızdan biridir. Onun təyinatı bu gün ordumuzda xidmət edənlər və ehtiyatda olanlar tərəfindən birmənalı olaraq alqışlanır.

Mən də fürsətdən istifadə edərək Kərim Vəliyevi təbrik edirəm. İnsan ölkədəki və ordudakı proseslərdən, müharibədən nə qədər xəbərsiz olmalıdır ki, Kərim Vəliyevin BQR təyin olunmasına şübhə ilə yanaşsın.

Yeri gəlmişkən Kərim müəllimlə şəxsi münasibətlərimiz olmasa da, bu mənə onun namizədliyini dəstəkləməyə imkan verir. Əminəm ki, bu təyinat ordumuzun gücünə əlavə bir güc qatacaq".