Aynişan: “Bloqerliyin nə olduğunu bilmirdim”

Əməkdar artist Aybəniz Haşımovanın bloqer qızı Aynişan Quliyeva “Günün sədası” proqramında işindən danışıb.
“Sherg.az” xəbər verir ki, o, yeni açdığı geyim mağazasından söz açıb:

“İstədim ki, zövqlü geyimlər olsun, həm də hər kəs yararlana bilsin. Paltarları özüm seçdim. Müştərilər deyir ki,  sizdə olan geyimləri başqa yerdə görmürük. Ucuza qaçmadım, yaxşısını aldım. Qazancım çox olmasa da,  keyifyyətli  iş görmək istədim. Bloqerlikdə xərclərim  çox çıxır. İnstaqramdan əldə etdiyim gəlirin 80 faizini elə ora xərcləyirəm.

Bəzən qışda nazik paltarla yay çəkilişi etməli oluruq, xəstələnirik. Brendlərlə işləməyin də öz məsuliyyəti var. Hansısa markanı boş yerə tərifləmək olmaz. Onu test etməlisən. Məsələn, saç yağı var idi. Onu aylarla istifadə edib, sonra paylaşdım. Türkiyədə  “Pr marketinq” üzrə təhsil aldım.

Bakıya gəldim, bir neçə yerə müraciət etdim, təcrübəm olmadığı üçün işə götürmədilər. Dedim, özüm tək işləyəcəm. Elə bil ki satışa başlayırsan, sonra auditoriyanı genişləndirirsən. Bloqerliyin nə olduğunu bilmirdim. Birinci dəfə saçımla bağlı məhsul paylaşdım, gördüm çox bəyənilir. Fikirləşdim ki, buna maraq var. İzləyicilərimə  faydalı olmağa çalışdım. Məsləhət gördüyün məhsulu  alıb fayda görəndə sənə güvən yaranır. Bunun tam tərsi olursa, o bir də sənə güvənməyəcək”.

A.Quliyeva bir vaxt müğənniliyə marağının olduğunu deyib:

“Anladım ki, o sənəti uzaqdan sevirəm. Bəzən uzaqdan sevmək gözəldir”.