Qadınlar kişilərdən daha çox bədbəxtdir


Onlar hətta hesab edirlər ki, alış-veriş müalicəvi gücə malikdir

Qadınların alış-veriş həvəskarı olduğu hər kəsə məlumdur. Həmçinin, onlar istehlak sektorunun əsas alıcılarıdı və kişilərdən fərqli olaraq daha çox pul xərcləyirlər. Bu barədə "Daily Mail" jurnalının apardığı  araşdırmaya görə, qadınlar həyatları boyu ən çox geyimə pul xərcləyir. Bura çanta, zinət əşyaları kimi aksessuarlar da daxildir. Qadınlar arasında aparılan araşdırma zamanı onların 10 faizi hər həftə yeni bir şey aldıqlarını etiraf edib. Qadınlar hesab edirlər ki, alış-veriş onlar üçün müalicəvi gücə malikdir və həkimlərin qəbuluna getməkdən daha ucuz başa gəlir. Qadınlar xüsusən fərqli ayaqqabı növlərini almaqdan zövq aldıqlarını dilə gətiriblər. Bundan başqa qadınların ən çox vəsait ödədiyi sektorlardan biri də gözəllik salonlarıdır. Onlar daha çox kosmetik məhsullara maraq göstərirlər.

Ən çox satılan kosmetik məhsul isə kirpik üçün tuşdur. Deməli, qadınlar valehedici baxışlara sahib olmaq üçün tuşa  böyük ehtiyac duyurlar. Daha sonra ən çox alınan kosmetik vasitələr arasında  göz qələmi və pomadadır. Estetik əməliyyatlar da qadınların çoxlu pul xərclədiyi  bir sahədir. Qeyd edək ki, plastik əməliyyatlar ilk dəfə Qədim Hindistanda meydana  gəlib.

Orada cinayətkarların ağır əməllərinə görə burun uclarını kəsir və tez alnından dəri götürərək yenisini düzəldirdilər. O dövrdən plastik əməliyyata münasibət o dərəcədə dəyişib ki, indi insanlar, ən çox da qadınlar buna öz razılığı ilə gedir və külli miqdarda pul xərcləyirlər. Nəhəng  sektor halına gələn estetik əməliyyatlara həvəs göstərən qadınların yaş qrupu 19-40 yaş arasında dəyişir. Statistikaya görə, hər il milyonlarla qadın sifət cizgilərini gözəlləşdirmək üçün plastik cərrahiyyəyə məruz qalır. Müasir dövrün qadınları istirahətlərinə də xüsusi diqqət göstərirlər. İl ərzində işləyən qadınlar yığdıqları pulları tətildə xərcləməkdə də maraqlıdırlar. Aparılan araşdırmalara görə, qadınlardan fərqli olaraq, kişilər gündəlik istifadə edə bilməyəcəyi əşyalara pul xərcləmirlər. Onlar daha çox siqaret, ayaqqabı, cib telefonu, dönər, kontur kimi xırda tələbat mallarına pul xərcləməyə meyillidirlər. Həmçinin, araşdırma nəticəsində məlum olub ki, kişilər daha çox avtomobil, noutbuk və şans oyunlarına da çox pul xərcləyirlər. Geyimə gəlincə isə, kişilər bu mövzuda da qadınlardan geridədir. 

Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlama verib. O təsdiqləyir ki, qadınlar daha çox geyimlərə pul xərcləməkdə maraqlıdır:

"Qadınların psixoloji vəziyyətini nəzərə alsaq, onlar əsasən geyimlərə və bəzək əşyalarına pul xərcləyirlər. Ancaq bəzi istisna hallar da var. İstisnalar qadının işlədiyi işlə xüsusilə bağlıdır. Elə təlimçi qadınlar var ki, özünü inkişaf etdirmək üçün kitablara daha çox vəsait ödəyir. Kişilərdə isə xərclər müxtəlifdir. Bir faktı qeyd edim ki, 2021-ci ilin yanvar-mart aylarında alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 16,4 faizi geyim və ayaqqabılara  sərf olunub. Ötən il Rusiyada aparılan araşdırma nəticəsində məlum olub ki, kişilər onlayn ticarət zamanı qadınlardan 30 faiz daha bədxərcdirlər. “Russki standart” bankının apardığı araşdırma nəticəsində məlum olub ki, rusiyalıların onlayn ticarətdə xərclədikləri orta hesab adi mağazada xərclədikləri məbləğdən ikiqat çoxdur. Bundan başqa, məlum olub ki, kişilər qadınlardan məişət xidmətlərinə 64 faiz, uşaq məhsullarına 62 faiz, hobbilərə 60 faiz, səyahətə isə 53 faiz daha çox pul xərcləyiblər. Bildirilib ki, adi mağazalarda da kişilərin çekindəki məbləğ 23 faiz daha yüksək olur. Hesab edirəm ki, indiki halda iqtisadi və psixoloji vəziyyəti nəzərə alsaq faiz nisbətində qadınlar daha çox bədxərclik edir".