Nə ilkdir, nə son...

Şiddət görən qadınlar artır

Mehriban Zeynalova: "Hüquq-mühafizə orqanları sosial  işçilərlə, psixoloqlarla, sığınacaqlarla işləməlidir"


Bir neçə gün öncə 24 yaşlı Sevinc Məhərrəmova 42 yaşlı əri Füzuli Qarayev tərəfindən amansızcasına qətlə yetirilib. O, F.Qarayev tərəfindən tez-tez zorakılığa məruz qalıb.  
Sonuncu dəfə  Sevinc ilə əri arasında yenə münaqişə yaranıb. Füzuli arvadının küsüb sığındığı qonşusu Röyal Hüseynovun evində olmasını bilib oraya gələrkən küçədə R.Hüseynovu və yanında fəhlə işləyən Ramil Bəşirovu bıçaqlayıb. Bundan sonra evə daxil olaraq arvadı S.Məhərrəmovaya çoxsaylı bıçaq xəsarətləri yetirərək onu öldürüb.

Bu cümləni yazmağı heç sevmirəm. Amma qeyd etməliyəm:

“Nə ilkdir, nə də son”. Özünə sahib çıxa bilməyən, psixoloji problemlərinin əsiri olan, manyak xarakterli  “kişi”lərin qurbanına çevrilən ilk qadın deyil Sevinc. 

Bəlkə bu hadisələrin sonunu gətirə, istər fiziki, istərsə də psixoloji şiddətə məruz qalan qadınların fəryadını eşidə bilərik. 



Mövzu haqda “Şərq”ə danışan “Təmiz Dünya” İctimai Birliyinin sədri MehribanZeynalova deyib ki,  bu kimi halların qarşısının alınması məqsədilə görülən tədbirlərdə ciddi istiqamətləndirmə və operativlik olmalıdır.

“Qadınların sosial hüquqlarının müdafiəsi, sosial paketlər, inteqrasiya proqramları vacibdir. Məsələn, qadın müraciət edib sığınacaqda qalsa, onun  inteqrasiyası  necə olacaq? Hansı resurslara istiqamətləndirək? Bunlar çox önəmli məsələlərdir və müzakirə olunmalıdır. İkincisi, kişilərlə bağlı işlər gücləndirilməlidir. Məcburi psixoloji reabilitasiyaya  yönləndirilməlidir.  Müraciət edən şəxsi dərhal mütəxəssislərə göndərmək lazımdır ki, onlar rəy versinlər. Təhlükə olub-olmadığını aydınlaşdırsınlar. Bəzən nələrsə vaxtında aşkarlanmalıdır. Tez-tələsik qərar qəbul etmək də olmaz. Hüquq-mühafizə orqanları sosial  işçilərlə, psixoloqlarla, sığınacaqlarla işləməlidir. Ən vacibi qadınların sosial müdafiəsidir.  Bu olmayanda o, zorakılıq mühitinə qayıdır.  Sadaladıqlarımın bir qismi çalışır. Lakin istiqamətləndirmə, bir-birinə ötürmə və operativlik zəifdir. Bunlar aradan qaldırılmasa, bu kimi hallar olacaq.  Təbii ki,  düşüncələri bilmək olmur. Ona görə psixoloqlar hazırlanmalıdır. Ola bilsin ki, kişilərdə hansısa  travmalar var. Onlar aradan qaldırılmalıdır.  Vəziyyət elə də ürəkaçan deyil.  Keyfiyyətli xidmət paketləri formalaşdırılmalıdır”.