Ermənistan Naxçıvana hücum etsə...

Cümşüd Nuriyev: "Qarşısında tək Azərbaycanı yox, Türkiyəni də görəcəklər"

Son günlərdə Azərbaycanla Ermənistan sərhəddi boyunca atışma hallarının sayı artıb. Müdafiə Nazirliyindən bildirilib ki, avqustun 9-u saat 00:10-dan 00:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub. Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Kəlbəcər istiqamətində də Azərbaycan ərazilərini atəşə tutmuşdu. Maraqlıdır, son zamanlar bu təxribatların artmasının məqsədi nədir? Bu dəfə niyə məhz Naxçıvan hədəf seçilib? Qars müqaviləsinə əsasən Türkiyə bu məsələdə müdaxilə edə bilərmi?

Siyasi elmlər namizədi, politoloq Cümşüd Nuriyev "Şərq"ə açıqlamasında qeyd edib ki, ermənilərin təxribatlarını davam etməsinin əsas səbəbi təkcə Qars müqaviləsi deyil. Eyni zamanda, ermənilər Azərbaycan-Ermənistan sərhədində Azərbaycanın Ermənistana hər hansı bir müharibə elan etmədən hücum etməsini gözləyir:


"Ona görə bu təxribatların coğrafiyasını da genişləndirirlər. Yəni əvvəl təkcə Kəlbəcər idi, sonra digər ərazilərdə də təxribatlara əl atdılar. Naxçıvana gəldikdə, bura həmişə ermənilərin gözünün dağı olub. Təbii ki, indi də elədir. Bilirik ki,  iki aydan sonra Qars müqaviləsinin 100 ili tamam olacaq. Qeyd edim ki, Qars müqaviləsi konkret olaraq Zaqafqaziya respublikaları ilə Türkiyə arasında bağlanmış bir müqavilədir. Həmin müqavilənin şərtlərində Naxçıvan Azərbaycanın tərkibində qalmaqla, Azərbaycan ərazi bütövlüyü Ermənistan tərəfindən tanınıb. Düzdür, sonralar ermənilər bunun əleyhinə çox güclü təbliğat aparırdılar və o müqavilənin ləğvini belə tələb edirdilər. 2016-cı ildə bu məsələni Rusiyada da qaldırmışdılar. Amma təbii ki, bütün bunların arxasında Rusiyanın maraqları durur. Hətta 1945-ci ildə Qars müqaviləsinin ləğvi üçün V.Molotov Türkiyənin Moskvadakı səfirini dəvət etmiş və ona bir xəbərdarlıq da etmişdi. Bilirsiniz ki, SSRİ-nin faşizm üzərində qələbəsindən sonra artıq onun qabağında kimsə dura bilmirdi. Türkiyə isə çox çətin durumda idi. Bu zaman Çörçill bu məsələdə çox böyük xidmət göstərdi. Düzdür, Truman bitərəf qaldı, yəni həmişəki kimi Amerika bir çətinlik olanda qıraqda durur. Ancaq V.Çörçill SSRİ-nin daha da genişlənməsini istəmədi və bunu dayandırdı. Bu gün də həmin müqavilə qüvvədədir". 

C.Nuriyev diqqətə çatdırıb ki, Azərbaycan və Türkiyənin indiki yaxınlığı erməniləri həddən artıq narahat edir:

"Daha doğrusu, bu, bizi sevməyən digər qonşularımızı da narahat edir. Amma hesab edirəm ki, bu təxribatlar hələ davam edəcək. Azərbaycan çox düzgün mövqe tutur. Hazırda bizim Rusiya ilə müharibə etmək fikrimiz yoxdur və bizə lazım da deyil. Amma ermənilər həmişəki kimi çalışırlar ki, özləri qıraqda dursun və rusları bizlə üz-üzə qoysun. Zaman-zaman belə olub, bunlar bütün sahələrdə hər cür təxribatlarla məşğul olmaq üzrə ustadılar. Bunu etiraf etmək lazımdır. Bu gün də Qars müqaviləsinin müddəalarına görə, əgər Ermənistan Naxçıvana hər hansı bir hücum eləsə, təbii ki, qarşısında Türkiyəni görəcək. Təsadüfi deyil ki, Qars müqaviləsi bağlanandan sonra böyük Atatürk demişdir ki, Qars müqaviləsi Sevr müqaviləsini öldürdü. Bilirik ki, Sevr müqaviləsi ermənilərin köməyilə hazırlanmış müqavilə idi. Türkiyə əraziləri Ermənistana keçməli idi, amma Qars müqaviləsi ilə həmin sərhədlər müəyyənləşdirildi və ermənilərin bütün arzuları gözündə qaldı. İnanıram ki, bundan sonra da bütün arzuları gözündə qalacaq, xüsusən də Naxçıvanla bağlı. Naxçıvanı udmaq (onlar bunu belə adlandırırlar)  ermənilər üçün mümkünsüzdür və Ermənistanın boğazında ilişib qalacaq. Çünki Naxçıvan tək deyil. Onun yanında qardaşları var. Ermənilər də bilməlidir ki, Naxçıvan Azərbaycanın ayrılmaz bir hissəsidir".