Qadınlara arıqlamaq adı altında "Patı" təklif olunur

"Bu maddə sadəcə arıqlatmır, eyni zamanda o, insanların iç orqanlarını məhv edir və sonda öldürür"


Əsl adı metamfetamin olan və insanları özündən asılı hala salan "Patı" adlı bu maddə bir sıra ölkələrdə qadınlara arıqlamaq üçün təklif olunur. Həqiqətən də "arıqlatdığı" üçün insanlar onu istifadə edir və sonra da ondan asılı qalırdılar. Ötən gün analoji fakt ölkəmizdə də aşkar olunub. Belə ki, ölkəmizin bəzi gözəllik salonlarında onun qadınlara arıqlama dərmanı adı altında satıldığı məlum olub. Bu barədə ARB-24-ün "Gündəm” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev də deyib. O bildirib ki, DİN-ə bununla bağlı faktlar daxil olub. E.Hacıyev xüsusi olaraq diqqətə çatdırıb ki, son günlər gözəllik salonlarında bu hal müşahidə edilməkdədir. Qeyd olunub ki, aşkarlanan faktlarla bağlı tədbirlər görülüb və qarşısı alınıb.

Bəs həqiqətən də bu kimyəvi narkotik insanı arıqladırmı?

Narkomaniya üzrə azad ekspert Emil Maqalov "Şərq"ə açıqlamasında bildirib ki, əsl adı metamfetamin olan bu narkotik maddə həqiqətən də insanları arıqladır: "Necə ki, xərçəng və şəkər xəstəliyi arıqladır, eləcə də bu maddə insanların kəskin şəkildə kilo itirməsinə səbəb olur. Lakin bunun ən pis tərəfi odur ki, bu maddə sadəcə arıqlatmır, eyni zamanda o, insanların iç orqanlarını məhv edir və sonda öldürür. Ümumiyyətlə, metamfetamin tam böyük ağır fəsadları ola biləcək narkotikdir. Bu maddə bədəndə yaralar yaradır, ağ ciyəri deşir, insanın duruşunu dəyişir və nəticədə öldürür. Bunlar müharibə vaxtı kamikadzelər üçün istifadə edilib. Qeyd edək ki, bu maddəni ilk dəfə İkinci dünya müharibəsi zamanı alman əsgərlərə yatmasın və aclıq hiss etməsinlər deyə məcbur qəbul etdiriblər. Yaponlar da bunu təyyarə sürənlərə verərək düşmən üzərinə hücuma göndərirdilər. Bu maddə qəbul edildikdə insan bədənində təzyiq yüksəlir, bədən istiliyi artır, göz bəbəkləri böyüyür. Beynin funksiyası pozulur və istifadəçi bir çox hallarda 2-3 gün yatmır. Hətta yeməkdən imtina edir, özünü enerjik hiss edir.  Bu narkotik, ümumiyyətlə, 5 ildir ki ölkəmizdə var. Sadəcə, əvvəl karantin olduğuna görə çox gözə çarpmırdı. Ancaq yumşalmaların olması və sərhədlərin açılması bir növ onun yayılmasına şərait yaratdı. Həm də yay fəsli onun yayılma əhatə dairəsini genişləndirdi. Ona görə də bu məsələlərdə hər kəsi diqqətli olmağa səsləyirəm. Ümumiyyətlə, arıqlamaq üçün bundan istifadənin yolu ölümdür. Bundan istifadə heç cür lazım deyil. Çünki o, tez bir zamanda insanı öldürür. Və bu, böyük cinayətlərdən biridir".