Texniki imkanlar genişdir

Sosial şəbəkələr vasitəsilə hər kəs ürək sözlərini, Aşura mərasimi haqqında fikirlərini bildirə bilər

Məhərrəm ayında bütün kütləvi mərasimlərdən çəkinmək lazımdır


Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Məhərrəm ayının başlanması ilə bağlı yaydığı müraciətdə dini mərasimlərin mövcud karantin qaydalarına uyğun keçirilməsinin vacibliyi xüsusi vurğulanıb. Bu qaydalar 2020-ci ilin mart ayından tətbiq edilməyə başlanmışdı və Nazirlər Kabinetinin qərarı ilə pandemiya şəraiti əsas tutularaq kütləvi mərasimlərin, o cümlədən də dini mərasimlərin keçirilməsi tövsiyə edilmirdi. İndi vəziyyət bir qədər fərqlidir.  Karantin qaydalarında bəzi  yumşalmalar edilib. Toy məclislərinə icazə verilib, ticarət mərkəzləri fəaliyyətini bərpa edib, açıq havada tibbi maskalardan istifadə məcburi deyil və sair. Lakin bununla yanaşı qapalı məkanlarda tibbi maskalardan istifadə, sosial məsafənin gözlənilməsi qaydaları bu gün də qüvvədədir. Həmçinin kütləvi dini mərasimlərin keçirilməsi tövsiyə edilmir.

Məscidlərdə vətəndaşların sıx toplaşması, camaat namazlarının qılınması qaydaları dəyişib.  İbadət yerlərinə vətəndaşlar az sayda, hissə-hissə buraxılır. Bütün bu qaydalar əlbəttə ki, ilk növbədə insanların sağlamlığının qorunması, yoluxma riskinin aşağı salınması, təhlükəsizliyin təmini məqsədi daşıyır. Qarşıdan isə əhalinin dindar təbəqəsi üçün həssas bir gün – Aşura gəlir. Məlumdur ki, əsrlərdir Azərbaycanda Aşura mərasimləri kütləvi şəkildə qeyd edilir,  peyğəmbər övladı, İmam Hüseyn (ə) ehtiramla anılır, Kərbəla şəhidləri Vətən şəhidlərimizlə birgə yad edilir. Lakin pandemiya səbəbindən ötən il Aşura mərasimləri kütləvi şəkildə qeyd edilmədi. Dindarlar hökumətin tətbiq etdiyi qaydalara sayğı nümayiş etdirdilər. Bu il də eyni vəziyyət olacaqmı?

“Şərq”ə açıqlamasında ilahiyyatçı Hacı Atif İsmayılov qeyd etdi ki, insan sağlamlığının qorunması ən ümdə məsələdir:  

- Məhərrəm ayında və bu ayda keçirilən mərasimlərdə məscidlərə çox sayda insan axışır. İl ərzində kütləvi məclislər məhz bu ayda daha çox keçirilir. Təbii ki, qapalı mühitdə böyük bir izdihamın sosial məsafəyə riayət etməsi qeyri-mümkündür. Ona görə də insanlara tövsiyə edilir ki, hazırkı şəraitdə kütləvi mərasimlərdə iştirakdan mümkün qədər çəkinsinlər. Məqsəd budur ki, yoluxma sayının artmasına rəvac verilməsin.  Aşura günü kiçik qruplar şəklində, məsələn, 10 nəfərlik qruplar hissə-hissə məscidlərə, digər ibadət yerlərinə  buraxıla bilər. Bu yolla dini mərasimlər həyata keçirilər. Həm sıxlıq yaşanmaz, həm yoluxma təhlükəsi də olmaz. Hesab edirəm ki, bu, daha münasibdir. Məsciddə ibadət etmək istəyən insan özündən başqa digər müsəlman bacı-qardaşını da düşünməlidir. İslam dini insanlığa mərhəməti, paylaşmağı, yardım etməyi, insan talelərini, insan səhhətini, sağlamlığını düşünüb ona görə addım atmağı tövsiyə edir. Uca Rəbbimiz buyuyur ki, təhlükə varsa, hətta namazı belə hərəkətdə olarkən qılın, real təhlükə zamanı namazı təxirə salın, arxayın vaxtı ibadətinizi yerinə yetirin, ibadətinizi tamamlayın. Yəni Rəbbimiz bəndəsinə hər cür imkan, şərait tanıyır. Möminlər də mövcud vəziyyətə uyğun davranmalıdırlar.  

H.A.İsmayılov  qeyd  etdi ki, pandemiya şəraitində digər müsəlman dövlətləri də karantin şəraitinə uyğun qərarlar qəbul edir: 

- Pandemiya ilə əlaqədar hətta Kərbəlada, imam Hüseynin hərəmində 10 günlük əzadarlıq mərasimləri və Aşura təziyədarlığının keçirilməməsi haqda qərar qəbul edilmişdi. İran İslam Respublikasında pandemiya dövründə məscidlər, ziyarətgahlara giriş qadağan edildi. Səudiyyə Ərəbistanı Həcc kimi bir vacib əməlin keçirilməsini müvəqqəti dayandırdı. Bütün bunlar islamın insan həyatına, insan sağlamlığına verdiyi önəmi göstərir. 
İlahiyyatçı qeyd etdi ki, Məhərrəm ayında insanların mənəvi ehtiyaclarının ödənməsi üçün müxtəlif vasitələrdən istifadə oluna bilər: 
- Xütbələrlə çıxış etmək, fərdi şəkildə ayinlər icra etmək, ibadətlə məşğul olmaq mümkündür. Sosial şəbəkələr vasitəsilə hər kəs ürək sözlərini, Aşura mərasimi haqqında fikirlərini bildirə bilər. Texniki imkanlar genişdir. Bununla  da inanclı insanların mənəvi ehtiyacları müəyyən qədər ödənmiş olar. Şəhidlərin yad edilməsi, şəhid doğmalarının ziyarəti, ehtiyaclı insanlara yardım etmək bu ayda daha böyük savabdır. İllərdir bu tədbirlər keçirilir. Bu il xüsusilə Vətən müharibəsi qalibi olan ölkəmizdə bu kimi tədbirlərə daha çox ehtiyac var.