Cəzalandırılmalıdır...

Hər sürücü yola bir zibil atsa, ətrafımız zibilxana olar

Psixoloq: "İnsanı ən doğru tanıdan onun davranışları, danışığı, ictimai baxışları, insanlara və cəmiyyətə münasibətidir"

Həmin sürücüyə bir nəfər etiraz edib, amma bir neçə nəfər onun mövqeyini müdafiə etsəydi, sürücü həmin şəxsə kobud cavab verməyə ürək etməzdi

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü, tanınmış memar Elçin Əliyev Bakıda avtobus sürücüsünün davranışını tənqid edib. O, "Facebook" səhifəsində bu barədə yazıb və tənqid etdiyi avtobus sürücüsünün görüntülərini də paylaşıb: "Xaliq Faiqoğlu" şirkətinə məxsus sərnişin avtobusunun sürücüsü Şəmsi Bədəlbəyli küçəsində sükan arxasında olarkən pəncərədən yerə salfet atıb. Ətrafı zibillədiyinə görə sürücüyə irad bildirdikdə isə kobud rəftarla qarşılaşıb.

"Əcəb edirəm, istəyirəm zibili yerə atıram. Sənin nə işinə qalıb? Get öz işinlə məşğul ol", - deyə sürücü qışqırıb. Qeyd edək ki, Bakı küçələrində tez-tez avtobus sürücülərinin belə davranışları ilə qarşılaşırıq. Artıq buna "öyrəşirik" desək yanılmarıq. Hətta iş o yerə çatıb ki, sərnişinlər və digər yol hərəkəti iştirakçıları avtobus sürücülərinin səhvlərini belə deməyə qorxur.

Çünki elə avtobus sürücüləri də tapılır ki, səhvi düzəltmək əvəzinə, irad bildirən şəxsi döyür. Bu da paytaxt nəqliyyatına cavabdeh qurumun belə amillərə göz yummasından irəli gəlir. Yaxud da, cavabdeh qurumun işinin öhdəsindən layiqincə gələ bilməməsi anlamını ortaya qoyur”. Daşıdığı vəzifədən, hansı sosial təbəqəyə mənsubluğundan asılı olmayaraq vətəndaşların küçələri zibilləməsinə tez-tez rast gəlirik. Uşaq, böyük fərq etmir.

Sərnişin avtobusunda, metro vaqonlarında valideyninin yanında əyləşmiş uşaqların yerə konfet kağızı, salfet, peçenye atdığını görmüşük. Valideyn uşağa irad bildirmək bir yana, özünə əziyyət verib, zibili yerdən götürməyib də. E.Əliyevin paylaşdığı xəbərdə isə söhbət konkret vəzifə sahibindən – ictimai nəqliyyat sürücüsündən gedir.

Sürücüsü küçəyə zibil atan avtobusun sərnişinlərini bundan sonra necə qınayasan? Nəzərə alsaq ki, demək olar bütün avtobuslarda “xidmətdən, sürücüdən narazılığınız varsa, .... nömrələrə zəng edin” yazılmış elan lövhələri vurulur. Belə çıxır ki, sürücülər bu elanları vecinə almır, həmçinin müdiriyyətin onlara “gözün üstdə qaşın var” deməyəcəyinə də arxayındırlar.  

Məsələ ilə bağlı fikirlərini “Şərq”lə bölüşən psixoloq Fərqanə Mehmanqızı qeyd etdi ki, sürücünün bu davranışı ilk növbədə qanun pozuntusudur: 

- Birincisi, bu halda sürücü “Yol hərəkəti haqqında” qanunun maddələrini pozub. Qanuna görə nəqliyyat vasitəsi hərəkətdə ikən qapını açmaq, nəqliyyat vasitəsinin, istər şəxsi avtomobil olsun, istərsə də ictimai nəqliyyat, pəncərəsindən küçəyə zibil, hər hansı əşya atmaq qadağandır. Qanun pozuntusu bununla bitmir. “Sənaye və məişət tullantıları haqqında” qanuna görə ətraf mühitin çirkləndirilməsinə görə vətəndaş məsuliyyət daşıyır və bu maddənin icrasına DİN nəzarət edir. Ona görə də sürücü qanunauyğun cəzalanmalıdır. Şəxsin hansı ictimai nəqliyyat vasitəsinin sürücüsü olduğu bəllidir. Sürücünün çalışdığı şirkət də cavabdehdir.  

Psixoloq bildirdi ki, qanunla cəzalanmanın vacib olduğu qədər ictimai qınaq da böyük  əhəmiyyət kəsb edir:  

- Zahiri görkəm insan haqqında ilkin təsəvvür yaradır.  Və bu təsəvvür yanlış ola bilər. İnsanı ən doğru tanıdan onun davranışları, danışığı, ictimai baxışları, insanlara və cəmiyyətə münasibətidir. İnsan evində fərddir, cəmiyyət içində isə ictimai varlıqdır. Niyə deyirlər ki, ictimai yerlərdə “bu qadağandır”, “filan iş olmaz” və sair.

Çünki biz bir insan və vətəndaş olaraq həm də cəmiyyətə bağlıyıq. Cəmiyyətin bir üzvüyük. Hər kəs o sürücü kimi küçəyə, yola bir zibil atsa, ətrafımız hansı halda görünəcək?

Bəs zibil qutuları niyə qoyulub, zibil yeşikləri nə üçündür? Hər bir insan hərəkətinə görə cavabdehlik daşımalıdır, o cümlədən də ictimai nəqliyyatda çalışanlar. Belə məsələlərdə ən doğru üsul ictimai qınaqdır.

İctimai qınaq mütləq lazımdır. Biz toplum olaraq üzləşdiyimiz neqativ hallara qarşı ictimai qınaq bildirməyi öyrənməliyik və tətbiq etməliyik. Bir dəfə təsir etməz, iki dəfə təsir etməz, üçüncü dəfə təsir edər. Həm də insan görəndə ki, ictimai qınaq kütləvi xarakterdədir, yəni bir nəfər yox, bir neçə nəfər etiraz bildirir, mütləq özünü yığışdıracaq.

Həmin sürücüyə bir nəfər etiraz edib, amma bir neçə nəfər onun mövqeyini müdafiə etsəydi, sürücü həmin şəxsə kobud cavab verməyə ürək etməzdi.