Kulturoloq aktrisanı dəstəklədi: "Əfqan uşağını övladlığa götürməyin nəyi pisdir?"

“Çox istərdim əfqan uşaqlardan birini himayəmə götürüm, anası olum”.

Bu sözləri İnstaqram hesabında aktrisa Naibə Allahverdiyeva yazıb. O, Əfqanıstanda baş verən olaylardan təsirləndiyini, oradakı uşaqlardan birini xilas etmək istədiyini söyləyib. Naibə xanımın diləyi, dünyanın çirkli simasında qeyb olan bir cocuğu həyata qaytarma cəhdi çox gözəldir. Çünki orada hər an ölüm qorxusu ilə yaşayan, məmləkətlərini tərk etməli olan uşaqların günahı yoxdur. Lakin sənətçini dəstəkləyənlərlə yanaşı, tənqid edənlər də var.

“Sherg.az” xalq artistinin özü ilə əlaqə saxlayıb. O, fikrində qərarlı olduğunu xüsusi vurğulayıb:

“Bilmirəm ki, hara müraciət etmək lazımdır. Söyləyirlər ki, çətin prosesdir. Bilirsiniz ki, orada vəziyyət gərgindir. Uşaqların həyatları təhlükədədir. Bir uşağa həyat vermək insanlığa xidmətdir. Əfqanıstandakı hadisələrə laqeyd yanaşa bilmərəm. Biz  humanist millətik, mərhəmətliyik.  Bəziləri yazıblar ki, öz uşaqlarımızdan övladlığa götürə bilərsiniz. Mənim övladım var. O insanlardan birini xilas etmək fikrindəyəm. Uşaqlar mələkdirlər, onlar dünyanın gözəlliyidir.  Qorxsam, bu qərara gəlməzdim. Körpələri çox sevirəm. Onun əfqan, ya da azərbaycanlı olmasının bir fərqi yoxdur. Hamımız bəşərin övladıyıq, bununla yanaşı müsəlmanıq. Bir-birimizə kömək etməliyik. Axı körpələrin, qadınların faciəsinə necə laqeyd yanaşmaq olar?  Təki arzum həyata keçsin, çox sevinərəm”.

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdçüsü, kitabxana.net, yenimedia.net portallarının təsisçisi, analitik-ekspert, yazıçı-kulturoloq  Aydın Xan Əbilov Naibə xanıma irad bildirənlər haqda danışıb:

“Təəssüf ki, Azərbaycan cəmiyyəti həddindən artıq radikallaşıb. İstər xırda məsələləri, istərsə də qlobalar hadisələri  ya lağ-lağı, ya da  tənqid-təhqir edən insanlar toplusuna çevrilib. Müxtəlif səbəblərə görə valideyn himayəsindən məhrum olmuş, yetim qalmış  şəxsi övladlığa götürmək alqışalayiq addımdır. Üstünü  qara buludlar almış Əfqanıstanın bir övladını himayəyə götürməyin nəyi pisdir?  İkinci Dünya müharibəsi zamanı millətimiz rus, belarus uşaqlarına sahib çıxdı. Eləcə də  bir azərbaycanlını xaricilər  övladlığa götürəndə alqışlayırıq.  Heyvan hüquqlarını müdafiə edir,meşə yanğınları ilə mübarizə aparırıq. Qeyd edim ki, Əfqanıstanda əhalinin 7 faizi Azərbaycan türküdür. Sözügedən təşəbbüsü tənqid etmək olmaz. Cəmiyyətimiz  həmişə humanist olub. Həm də biz multikultural toplumuq. Ölkəmizdə 70-ə yaxın millətin  nümayəndəsi rahat yaşaya bilir. Onu da deyim ki, Əfqanıstanda hakimiyət dəyişikliyindən asılı olmayaraq  əfqanlar Azərbaycana daim isti münasibət bəsləyiblər. Bizə din və mentalitet baxımından yaxın  olan əfqan uşağını himayəyə götürən bir şəxsə qarşı aqressiyanı başa düşə bilmirəm. Naibə Allahverdiyevanı dəstəkləyirəm. Əlbəttə yaxşı olardı ki, Azərbaycan uşaqlarını övladlığa götürsün. Yəqin hazırki  stiuasiyaya, Əfqanıstanda insanlara , qadınlara olan münasibətə və gələcəkdəki radikal addımlara görə bu fikri səsləndiirb. Naibə xanıma eşq olsun”.