Məscidlərin bərpası alqışlandı:“Mehriban xanım “yaralara” məlhəm oldu”  

Heydər Əliyev Fondu tərəfindən Şuşada  Aşağı Gövhər ağa, Yuxarı Gövhər ağa və Saatlı məscidlərinin bərpa-təmir işləri aparılır.
Qeyd edək ki, hər üç məscidin memarı Kərbəlayi  Səfixan Qarabağlıdır. Bu məscidlər ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Şuşa işğalda olduğu müddətdə həmin abidələr də erməni vandalizminə məruz qalıblar. Yuxarı Gövhər ağa məscidinin  interyeri məhv edilib, minarələrinin dekoru zədələnib, örtükləri və s. dağıdılıb. Məscidin birinci mərhələdə bərpası başa çatıb, ikinci mərhələ bərpa işləri aparılır. Abidənin daşları ilk layihəyə uyğun dəyişdirilir. Məscid ərazisindəki dağıdılan mədrəsə də təmir olunacaq.

Aşağı Gövhər ağa məscidində xarici ekspertlərin iştirakı ilə qiymətləndirmə işləri gedir.

Erməni vəhşiliyi Saatlı məscidindən də yan keçməyib, xarabalığa çevrilib. Ekspertlər  məsciddəki vəziyyəti araşdırır.  Qiymətləndirmənin yekununa uyğun Aşağı Gövhər ağa və Saatlı məscidləri bərpa olunacaq.



Mövzu haqda “Sherg.az”a danışan şərqşünas Seyid Camal Əzimbəyli görülən işləri alqışalayiq hesab edib:

“Bildirmək istəyirəm ki, milli- mənəvi, dini dəyərlərimizin, mədəni irsimizin həqiqi təəssübkeşi, dövlətimiz,  Prezidentimiz, Qarabağın xilaskarı cənab İlham Əliyevdir.  Dünyəvi ölkə olsaq da , daim islama, milli kimliyimizə məxsus olan, yaxud da digər dinlərə aid  tarix abidələr  dövlətimiz  və Heydər Əliyev fondu   tərəfindən təmir olunub, bərpa edilib.

Bu qayğı mənəvi irsimizin mühafizəsinə ən böyük xidmətdir. Hörmətli Mehriban xanımın Gövhər ağa və Cümə məscidinə  Qurani-Kərimlə getməsi Ağdamın, Şuşanın qanayan yarasına məlhəm oldu.  Heydər Əliyev  Fondunun birbaşa iştirakı ilə müqqədəs məscidlərin bərpa olunması bir uğurdur.

Ancaq təşəkkür etmək, sevinmək qürur duymaq lazımdır.  Dövlətimizə, Heydər Əliyev Fondunun rəhbərliyinə  bol-bol  dual etmək gərəkdir”.