Vaqid Poeziya Günləri mədəniyyətimizin təntənəsidir

Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili – Azərbaycan dövlətçiliyi müasir mərhələdə

Şuşada görülən işlər gözəl gələcək vəd edir, hamımız o gələcəyin şahidləri olacağıq

Ən diqqət çəkən məsələ odur ki, mədəniyyətimizin paytaxtında işlər çox planlı şəkildə görülür


Mədəniyyətimizin beşiyi Şuşanın işğaldan azad edilməsi müjdəsini xalqımıza elan edən müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əziz, Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq. Biz səni, dirçəldəcəyik” sözləri hər bir azərbaycanlının qəlbində əbədi iz qoydu. Cənab Prezident həmişə olduğu kimi yenə də sözünün üstündə durdu. Bunu Şuşada, eləcə də işğaldan azad edilmiş bütün Qarabağda aparılan quruculuq işləri sübut edir.

Prezident həmçinin Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Və o gündən aparılan bütün işlər Şuşanın məhz Azərbaycan şəhəri, mədəniyyətimizin beşiyi və paytaxtı olduğunun təsdiqidir. Bu günlər Şuşada keçirilən Vaqif Poeziya Günləri də həmçinin. Vaqif Poeziya Günləri avqustun 30-da Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olundu.  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin rəsmi açılışında iştirak etdilər. Eyni gündə dahi bəstəkarımız Üzeyir Hacıbəylinin abidəsinin açılışı oldu. Prezident və birinci xanım həmçinin yenidən bərpa edilmiş Şuşa Xalçaçılıq Qalereyasında sərgilənən mədəniyyət inciləri sərgisi ilə də tanış oldular. Cənab Prezident Vaqif Poeziya Günlərinin rəsmi açılışında çıxışı zamanı Azərbaycan mədəniyyət tarixində silinməz izlərini bir daha xatırlatdı: “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik”. Prezident xatırlatdı ki, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi  Molla Pənah Vaqifin məqbərəsinin Şuşada ucaldılması qərarını ulu öndər Heydər Əliyev vermişdi. Onun təşəbbüsü ilə 1982-ci il yanvarın 14-də burada qarlı, şaxtalı havada bu məqbərənin açılışı olmuşdu: “Bu, sıradan olan hadisə deyildi. Çünki o vaxt Şuşa Dağlıq Qarabağ Muxtar Vilayətinin bir hissəsi idi. Bildiyiniz kimi, uzun illər ermənilər Şuşaya iddia edirdilər, Şuşanı erməni şəhəri kimi qələmə verməyə çalışırdılar. Halbuki, bunun üçün heç bir tarixi, mədəni əsas yox idi. O zaman Ulu Öndərin iradəsi və qətiyyəti nəticəsində bu məqbərə ucaldılmışdı və bir daha Şuşanın Azərbaycan şəhəri kimi təsdiqi öz yerini tapmışdı”.  

Şuşa azad edildikdən sonra bura ilk səfərində cənab Prezident Vaqifin məqbərəsinin bərpası, Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” festivalının yenidən keşirilməsi, Üzeyir bəyin ev-muzeyinin, Bülbülün evinin, Xan qızı bulağının bərpası barədə göstərişlər  verdi və özü şəxsən işlərin gedişi ilə tanış oldu. İşğal zamanı ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin – Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Şuşaya gətirildi. Şuşada 3 məscid - Yuxarı Gövhər Ağa,  Saatlı və Aşağı Gövhər Ağa məscidlərinin təmiri başa çatmaq üzrədir. Otellər, mehmanxanalar tikilir. Bütün bunlar Şuşanın dirçəlişinin təsdiqidir. 

İstedadlı jurnalist, əslən Şuşalı Kəmalə Cahidqızı “Şərq”ə açıqlamasında Azərbaycan mədəniyyətinin Şuşadakı təntənəsindən qürur hissi keçirdiyini dedi: 

- Şuşada keçirilən istənilən tədbir, miqyasından asılı olmayaraq, bir təntənədir. Şuşanın mədəniyyət paytaxtı elan edilməsi, 1 ildən də az bir müddətdə bir-birinin ardınca bilavasitə Prezidentin iştirakı ilə dövlət tədbirlərinin keçirilməsi Şuşaya verilən dəyərin göstəricisidir. Qısa müddətdə çox böyük işlər görülüb. Ən diqqət çəkənsə budur ki, işlər məhz planlı şəkildə görülüb. Əslində istər "Xarıbülbül" festivalının, istər Vaqif Poeziya Gününün, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün ev-muzeyinin açılışı, 2022-ci ildə Şuşanın 270 illiyinin keçirilməsi ilə bağlı hazırlıq və s. dünyaya verilən "biz bu müqəddəs şəhərin əsl sahibləriyik", mesajıdır. Şuşa yaranışından çal-çağırlı, mədəni, ədəbi-bədii tədbirlərin məskəni olub. Bir məqamı qürurla vurğulamaq istərdim ki, Şuşada ermənilərin dağıtdığı, yararsız hala saldığı bütün tarixi və mədəni abidələr, yaşayış binaları, otel və s. məhz öz formasında, Şuşanın özünəxas memarlığına uyğun olaraq bərpa edilir. Bu məni xüsusilə sevindirir. Bir sözlə, Şuşada görülən işlər gözəl gələcək vəd edir. Hamımız o gələcəyin şahidləri olacağıq.