İntihara hazırlıq... - "Sevdiyi əşyaları ətrafındakılara verirsə…”

Azərbaycanda cari ildə 300-dən çox intihar hadisəsi baş verib.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov bildirib.
O, qeyd edib ki, 2021-ci ilin I yarımili ərzində respublikada 239 kişi olmaqla, 322 nəfər intihar edib.
İntihar hadisələrinin 115-i paytaxtda, 207-si isə digər rayon və şəhərlərdə qeydə alınıb.


İntiharlar hallarının artma səbəblərini “Sherg.az”a izah edən psixoloq Təbrizə Cəbizadə qeyd edib ki, intihar insanın sıxıntı, qəzəb, bədbinlik, intiqam almaq duyğularıyla özünə zərər verdiyi bir davranışdır. Bizi qorxudur, şantaj edir, yalandan edir kimi düşüncələrə qapılıb özünəqəsdə meyil göstərənlərə diqqət etməmək düzgün deyil. Onun sözlərinə görə, intihara hazırlıq mütləq ciddi qəbul edilməlidir:

 “İnsanlar çox müxtəlif səbəblərdən intihar edə bilir. Onlar üçün gələcək mənasızdır, bədbindir, həyatında hər şey mənfiyə doğru gedir. Əlbəttə, eyni hallar hamının başına gələ bilər. Amma hər kəs intihar yolunu seçmir.

Deməli, bu, şəxsiyyətlə bağlı məsələdir. Bəzi insanlar daha tez bədbin olur, ümidsizliyə qapılırlar. Həmçinin yaş faktoru da önəmlidir. Gənclər, məsələn sevdiyi insan ondan ayrılanda  intiqam almaq üçün, ya da ailəsinə qarşı qəzəbin təzahürü kimi bu yola əl ata bilirlər. İntihar çarəsizlikdir.

Bəzən intihara bir anda qərar verilir, bəzən isə bu, əvvəlcədən planlaşdırılır. İnsan sevdiyi əşyaları ətrafındakılara verirsə, “Mən ölərsəm bunları edərsiniz” kimi vəsiyyət edirsə, intihar barədə məlumat almağa çalışırsa, daha ehtiyatlı, anlayışlı olmalıyıq. Çox üstünə getməmək, davranışlarına diqqət etmək, dəstək göstərmək lazımdır. Problemlərini ələ salmaq doğru deyildir. Belə insanlara yalnız psixoloji dəstək deyil, həm də sosial dəstək göstərilməlidir”