Ərzaq təminatı və qida təhlükəsizliyi vacib məqamdır

İdxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir

Kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2021-ci ilin yanvar-iyul aylarında ölkənin xarici ticarət dövriyyəsi 17 milyard 337,2 milyon ABŞ dolları təşkil edib. Dövriyyənin 11 milyard 39 milyon dollarını ixrac, 6 milyard 297 milyon dollarını isə idxal təşkil edib. 

Son 7 ay ərzində ölkəmizin xarici ticarət dövriyyəsi haqda danışan Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında deyib ki, nəticədə həmin dövrdə 4 milyard 741 milyon dollarlıq müsbət saldo yaranıb. Millət vəkili qeyd edib ki, xarici ticarət dövriyyəsinin strukturunun təhlili bir sıra məqamlara xüsusi yanaşmaya imkan verir: "Qardaş Türkiyə Azərbaycan xarici ticarət dövriyyəsində İtaliyadan sonra ikinci yerdədir. Sözügedən Avropa ölkəsinə əsasən enerji məhsulları ixrac etdiyimizi nəzərə alsaq, o zaman Türkiyənin mövqeyinin xüsusi əhəmiyyət daşıdığını qeyd etmək olar. Ümumi ticarət dövriyyəsinin 13.5 faizi Türkiyənin payına düşür. Bu isə ilin yalnız ilk 7 ayında iki qardaş ölkə arasında ticarət dövriyyəsinin 2 milyard 340 milyon dollar olması anlamına gəlir. Qeyd edək ki, qardaş ölkələr qarşılıqlı ticarət dövriyyəsini növbəti 3 ildə illik 15 milyard dollara çatdırmağı hədəfləyirlər”.

V.Bayramov vurğulayıb ki, bu ilin ilk 7 ayında idxal məhsullarının strukturundakı dəyişikliklər də diqqəti cəlb edir: 

"Aydındır ki, idxal ölkədən valyuta aparır, ixrac valyuta gətirir. Təbii ki, hər bir ölkənin bəlli həcmdə idxalı var. Bununla yanaşı, sözügedən dövrdə minik avtomobillərinin, o cümlədən digər texnoloji sənaye məhsullarının idxalının artması anlaşılan olsa kartof, tərəvəz, çay idxalındakı artımların xüsusi təhlil olunması məqsədəuyğundur. Belə ki, bu ilin ilk 7 ayında təzə tərəvəz idxalı 43,3 faiz, kartof idxalı 14,1 faiz, çay idxalı 3,9 faiz artıb. Ərzaq təminatı və ərzaq təhlükəsizliyi baxımdan kənd təsərrüfatı məhsullarının idxalının minimumlaşdırılması olduqca vacibdir. Qeyd edək ki, bu ilin ilk 8 ayında Azərbaycan 1 milyard 580 milyon dollarlıq qeyri-neft məhsulları ixrac edib. Bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə 37.1 faiz çoxdur. Qeyri-neft ixracatının strukturu göstərir ki, Rusiya və Türkiyə aparıcı mövqeyini qoruyub saxlasa da İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələr də Azərbaycanda neftdən kənar sektordan məhsul alan ilk beşliyə daxil olublar. Qeyri-neft ixracatımızın 1/3 faizi Rusiyanın, təxminən 30 faizi isə Türkiyənin payına düşüb”.

Aynurə Pənahqızı