Məmurlara xəbərdarlıq! – Həbsdə xəstə düşənlərdən nəticə çıxarın, cənablar! 

“Rüşvət və korrupsiyaya qurşananların aqibəti həbsdə olan sabiq icra başçılarının aqibəti kimi olur”

“Övladlarının gələcəyini təhlükə altında qoymaq istəmirlərsə, dövlətin verdiyi maaşa qane olub xalqa xidmət etməlidirlər”


Bu yaxınlarda Ağstafa rayonunun sabiq icra başçısı Nizaməddin Quliyev dünyasını dəyişib. O, həbsxanada koronavirusdan vəfat edib. Dünən isə Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin koronavirusa yoluxduğu qeyd edildi. Bu barədə onun vəkili məlumat verib.
Vəkil bildirib ki, M. Quliyevin vəziyyəti ağırlaşdığından onu Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına köçürüblər.
Eyni zamanda Yevlax Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədov həbsdən buraxılıb. Onun vəkili Elnur Vəliyev bildirib ki, bir müddət əvvəl sabiq icra başçısının vəziyyəti pisləşib və o, Bakı şəhərində Mərkəzi Klinikaya yerləşdirilib. Ötən gün isə həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Şəki Ağır Cinayətlər Məhkəməsi vəsatəti təmin edib və sabiq icra başçısı barədə başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.

Əslində korrupsiya və rüşvətə qurşanan, xalqa xidmət əvəzinə şəxsi mənafelərini güdən icra başçılarının bu cür tale ilə üzləşməkləri gözlənilən idi. Ancaq bu durumun digər məmurlara dərs olduğunu söyləmək bir az çətindir.

Məsələ ilə bağlı “Sherg.az”a danışan millət vəkili Elman Məmmədov qeyd edib ki, cənab Prezident hər dəfə icra başçılarını vəzifəyə təyin edərkən onlara öz xəbərdarlıqlarını edir:

“Ölkə başçısı həmişə yeni icra başçılarına nəticə çıxarmalı olduqlarını söyləyir. Səhv yola düşən, vəzifəsinin öhdəsindən layiqincə gələ bilməyənlər, rüşvət və korrupsiyaya qurşananların aqibəti həbsdə olan sabiq icra başçılarının aqibəti kimi olur. 

Kimsə varlanmaqdan ötrü vəzifəsindən sui-istifadə edirsə, onu yaxşı tale gözləmir. 

Ona görə də deyilənlərdən nəticə çıxarmaq lazımdır. Təbii ki, cənab Prezident tələb və tapşırıqlarını verir, tövsiyələrini bildirir. 

Eyni zamanda vəzifəyə yeni təyin olunan insan cəmiyyətdə baş verənlərdən, özündən əvvəlkilərin tutduğu yolda başına gələnlərdən nəticə çıxarmalıdır. Sağlam düşüncəli, tərbiyə və əqidəsi düzgün olan adam vəzifəsini qanun çərçivəsində icra etməli, pis yollara düşməməlidir.

 İşdən biabırçılıqla qovulmaq, el-oba və cəmiyyətdə biabır olub həbsə düşmək, övladlarının gələcəyini təhlükə altında qoymaq istəmirlərsə, dövlətin verdiyi maaşa qane olub xalqa xidmət etməlidirlər”.

 Yegane Bayramova